Rusiyanın hərbi-sənaye kompleksinə xidmət göstərən şirkətlər istehsalın bir hissəsini Çinə köçürməyə başlayıblar. Bu proses nəticəsində Çin müəssisələri Rusiyanın mühəndislik texnologiyalarına və istehsal təcrübəsinə çıxış əldə edirlər.
MSNews.az xəbər verir ki, bu barədə ABŞ-ın C4ADS tədqiqat mərkəzinin Rusiya və Çin arasında hərbi-texniki əməkdaşlığa dair hesabatında bildirilir. Məlumatı “Vajniye İstorii” və “The Moscow Times” yayıb.
Digər nümunə isə Rusiyanın “StankoMaşStroy” dəzgah istehsalçısıdır. Şirkət Çinin “Baoji Machine Tool Group” müəssisəsi ilə birlikdə yüksək dəqiqlikli beşoxlu dəzgahların istehsalını təşkil etməyi planlaşdırır. Onun müştəriləri arasında ballistik raketlər və hava hücumundan müdafiə sistemləri istehsal edən Rusiya müəssisələri də var.
Bununla belə, C4ADS mütəxəssisləri “StankoMaşStroy”un Çində istehsala artıq başladığını təsdiqləyə bilməyiblər. Lakin şirkətin sahibi Oleq Koçetkovun bu ölkədə “Shaanxi Stermasi Technology” adlı müəssisə qeydiyyatdan keçirdiyi müəyyən edilib.
C4ADS-in qiymətləndirməsinə görə, Qərb sanksiyaları və Ukraynadakı müharibə Rusiyanın Çin texnologiyalarından və istehsal güclərindən asılılığını artırır.
Tədqiqat mərkəzinin baş analitiki Allen Maqqard hesab edir ki, qısamüddətli dövrdə Rusiya istehsal imkanları qazansa da, uzunmüddətli perspektivdə Çin daha çox fayda əldə edə bilər. Belə ki, Rusiya mühəndislərinin təcrübəsi və texnoloji işləmələri Pekinin öz hərbi sənayesini inkişaf etdirməsinə şərait yaradır.