Azərbaycanla bağlı hicab iddialarına sərt reaksiya

Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında Azərbaycanda hicabla bağlı kütləvi həbslər və ölkədən köç barədə yayılan iddiaları dezinformasiya adlandırıb.

15

Azərbaycan Respublikası Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında və sosial şəbəkələrdə Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı, insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan məlumatlara sərt reaksiya verib. Qurum sözügedən iddiaları ictimai rəyi manipulyasiya etməyə yönəlmiş dezinformasiya kimi qiymətləndirib.

MSNews.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasının oktyabrın 22-də yaydığı açıqlamada bildirilib.

Şuranın bəyanatında qeyd olunub ki, hicabla bağlı kütləvi həbslər və insanların Azərbaycandan köç etməsi barədə iddialar əsassızdır. Qurumun mövqeyinə görə, bu məlumatların yayılması dini həssaslıqlardan istifadə etməklə Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırmağa xidmət edir.

Ayrı-ayrı siyasi və ictimai şəxslərin belə məlumatların yayılmasında iştirakı da tənqid olunub. Şura əsassız iddiaların təhqiramiz ifadələrlə təqdim edilməsini ictimai məsuliyyətə zidd və auditoriyaya təsir imkanlarından sui-istifadə kimi qiymətləndirib.

Qurum Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyərək media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa çağırıb.

Eyni zamanda, vətəndaşlara sosial şəbəkələrdə yayılan məlumatlara tənqidi yanaşmaq, onların doğruluğunu etibarlı mənbələrdən yoxlamaq və dezinformasiyanın yayılmasına vasitəçi olmamaq tövsiyə edilib.

Qeyd edək ki, Media və Yayım Şurası oktyabrın 15-də Səhiyyə Nazirliyi ilə birgə açıqlamasında tibb müəssisələrində hicaba qadağa qoyulması barədə yayılan sənədin saxta olduğunu da bildirmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.