Kılıçdaroğlunun qayıdışı CHP-də polis müdaxiləsinə səbəb oldu

Türkiyədə məhkəmə qərarı ilə Kamal Kılıçdaroğlunun CHP rəhbərliyinə qaytarılmasından sonra partiyanın Ankara qərargahında polis müdaxiləsi baş verib.

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında siyasi böhran dərinləşib. Məhkəmənin CHP-nin 2023-cü il qurultayının nəticələrini ləğv etməsindən və Özgür Özelin partiya sədri seçilməsini etibarsız saymasından sonra keçmiş sədr Kamal Kılıçdaroğlu yenidən partiya rəhbəri kimi tanınıb.

“Reuters”-in məlumatına görə, məhkəmə qərarında qurultay prosesində pozuntular olduğu əsas gətirilib.

Qərardan sonra CHP-nin Ankaradakı mərkəzi qərargahında gərginlik yaranıb. Özgür Özel və hazırkı rəhbərlik binanı tərk etməkdən imtina etdikdən sonra polis qüvvələri qərargaha daxil olub. Çevik polis əməkdaşları binaya daxil olarkən gözyaşardıcı qazdan istifadə edib və qərargahdakı rəhbərliyin çıxarılması üçün müdaxilə həyata keçirilib.

“Associated Press”-in məlumatına görə, polis CHP qərargahına daxil olarkən binada üç gündür davam edən qarşıdurma sona çatıb. Agentlik müdaxilə zamanı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edildiyini, tərəfdarların isə binanın girişində baryerlər qurduğunu yazıb.

Türkiyə mediasının məlumatına görə, Kılıçdaroğlunun vəkili Celal Çelik CHP qərargahının boşaldılması üçün müraciət edib. Ankara Valiliyi də məhkəmə qərarının icrası üçün polisə göstəriş verildiyini açıqlayıb. “Gazete Oksijen”-in yaydığı məlumata əsasən, Kılıçdaroğlu tərəfi qərargahın yeni rəhbərliyə təhvil verilməsini tələb edib.

Özgür Özel isə məhkəmə qərarını qəbul etmədiyini bildirib və bunu “məhkəmə çevrilişi” kimi qiymətləndirib. Özel qərargahdan çıxarıldıqdan sonra tərəfdarları ilə birlikdə Türkiyə Böyük Millət Məclisinə doğru yürüş edib və mübarizəni davam etdirəcəklərini bəyan edib.

Hadisə Türkiyə müxalifəti daxilində son illərin ən ciddi siyasi böhranlarından biri kimi qiymətləndirilir. CHP-nin böyük hissəsinin Özgür Özelin yanında olduğu, Kılıçdaroğlu tərəfinin isə məhkəmə qərarına əsaslanaraq partiya idarəçiliyini təhvil almağa çalışdığı bildirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.