Ukrayna Milli Bankının rəhbəri Andriy Pışnının antikorrupsiya qurumlarının apardığı axtarışlardan sonra istefa ərizəsi yazdığı barədə məlumat yayılıb. Lakin Milli Bank bu xəbəri rəsmi şəkildə təkzib edib. Pışnı da vəzifəsinin icrasını davam etdirdiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, oktyabrın 21-də Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Milli Bankın binasında və əməkdaşlarından birinin yaşayış yerində axtarışlar aparıb.
Bundan sonra Ukraynanın “Delo.ua” nəşri bank sektorundakı mənbəsinə istinadən Andriy Pışnının səhhətindəki problemləri əsas gətirərək könüllü istefa ərizəsi yazdığını iddia edib.
Lakin Ukrayna Milli Bankı yayılan məlumatları təkzib edərək Pışnının istefa vermədiyini bildirib.
Pışnı özü də oktyabrın 21-i axşam saatlarında açıqlama verərək Milli Bankın rəhbəri kimi fəaliyyətini davam etdirdiyini təsdiqləyib. O bildirib ki, axtarışların aparıldığı cinayət işi nə Milli Bankın fəaliyyətinə, nə də onun rəhbər kimi xidməti vəzifələrinin icrasına aiddir. Pışnının sözlərinə görə, axtarış zamanı onun və ya bank əməkdaşlarının qanun pozuntusuna yol verdiyini göstərən hər hansı material aşkarlanmayıb. O, istintaqla qanun çərçivəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb.
NABU isə axtarışlar zamanı heç kimin saxlanılmadığını və heç bir şəxsə rəsmi ittiham irəli sürülmədiyini açıqlayıb.
Qeyd edək ki, Andriy Pışnı 2022-ci il oktyabrın 7-dən Ukrayna Milli Bankına rəhbərlik edir.