Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
MSNews.az xəbər verir ki, nazir oktyabrın 21-də Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin iclasında belə halların hər iki tərəfdə baş verə biləcəyini və onların təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməsinin doğru olmadığını söyləyib.
Bu barədə “Armenpress” məlumat yayıb.
“Bəzən belə hallar baş verir. Azərbaycanlı çoban asanlıqla yolu azıb sərhədi keçə bilər. Eyni vəziyyət bizim tərəfimizdə də yaşana bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv yanaşır”, – deyə Mirzoyan bildirib.
Nazir sərhədi təsadüfən keçən şəxslərin geri qaytarıldığını qeyd edib. O, bu cür hallarla sərhədi keçən şəxsin cinayət törətməsi arasında fərq qoyulmasının vacibliyini vurğulayıb.
Mirzoyanın sözlərinə görə, belə hadisələrin qarşısını tamamilə almaq yalnız sərhəd boyunca divar inşa etməklə mümkün ola bilər. Lakin o, tərəflərin divarlar tikmək əvəzinə qarşılıqlı əməkdaşlığa və ortaq həll yollarına üstünlük verəcəyinə ümid etdiyini bildirib.
XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesində müəyyən problemlərin qalmasının əldə olunan müsbət nəticələrdən imtina etmək üçün əsas olmadığını vurğulayıb.
Qeyd edək ki, azərbaycanlı çobanın Ermənistan ərazisinə keçməsi barədə yayılan məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb. “Azatutyun” nəşrinin məlumatına görə, Ermənistanın aidiyyəti dövlət qurumları hadisə ilə bağlı rəsmi açıqlama verməyib.