Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Salyanda fəaliyyətə başlayıb. Layihə 28 sentyabr–2 oktyabr tarixlərində rayon gənclərinə təhsil, karyera, rəqəmsal bacarıqlar, sağlamlıq və digər istiqamətlər üzrə müxtəlif xidmət və fəaliyyətlər təqdim edəcək.
MSNews.az xəbər verir ki, bu il “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən layihənin əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində yaradılan imkan və xidmətləri, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma sahəsindəki təşəbbüsləri regionlarda yaşayan gənclər üçün daha əlçatan etməkdir.
Salyanda keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.
Mərasimdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış ediblər. Onlar layihənin gənclərin şəxsi inkişafı və karyera planlaşdırılması üçün yeni imkanlar yaratması, eləcə də ictimai fəallığın artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Gənclər üçün altı fərqli zona
Layihə çərçivəsində açıq hava formatında “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonaları yaradılıb.
Gənclər həftə ərzində bu zonalarda keçirilən vörkşop, ustad dərsi, viktorina və intellektual yarışlarda iştirak edərək yeni bilik və praktiki bacarıqlar əldə edə biləcəklər.
Proqram çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici sessiyaların, Salyan Peşə Liseyi tərəfindən isə sərginin təşkili nəzərdə tutulur.
Təlimlər zamanı gənclərlə ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi kimi mövzular müzakirə ediləcək.
Qeyd edək ki, noyabr ayınadək davam edəcək “Səyyar Gənclər Xidməti”nin ümumilikdə Azərbaycanın 20 şəhər və rayonunu əhatə etməsi nəzərdə tutulur. Layihə Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.









