Süni intellekt sürətlə inkişaf edir və artıq öz-özünə yazılı mətnlər hazırlaya bilir. Bu isə ədəbiyyatın gələcəyi ilə bağlı bir sıra maraqlı suallar yaradır. İnsan təcrübəsi və duyğularından uzaq olan texnologiyanın yaratdığı kitabların oxucuda hansı təsiri olacağı hələ də müzakirə mövzusudur. Gələcəkdə süni intellekt vasitəsilə yazılmış kitablar real oxucu marağını qazana biləcəkmi?
Mövzu ilə bağlı tanınmış yazıçı Fəxri Uğurlu MSNews.az-a açıqlamasında bildirib ki, süni intellekt bizim ağlımızın əlavəsi, düşüncəmizin uzantısıdır, bütün deyilmişləri, tapılmışları toplayıb bir qabda qarşımıza gətirməyin ustasıdır:
“Bu baxımdan onun xidməti əvəzsizdir, buna qədər həmin işi “google” görürdü, indi də görməkdədir. Ancaq onların ruhu yoxdur, süni intellekt də “google” kimi “süni” olduğuna görə təbiilikdən, duyğulardan, sevgidən məhrumdur. Bütün böyük kəşflər, ixtiralar, fəlsəfələr, əsərlər məhz, ruhun diktəsiylə, sevginin gücünə, intuisiyamız sayəsində yaranır. İntuisiya ruhun dili, onun beynimizə göndərdiyi şifrələrdir. Beynimiz həmin kodları düzgün oxuyandan sonra varlığın daha bir qatı üzümüzə açılır. Süni zəka həmin kodları, şifrələri haradan alacaq, kim göndərəcək onları ona? Soyuq başla, yalın ağılla işlər yürüməz”.
Yazıçı sonda qeyd edib ki, insanı insan eləyən sevgi, inamdır:
“İnamsız bilik kəsik başdır. Beyin nə qədər mükəmməl çalışırsa çalışsın, əgər ruhdan impuls almırsa, quruca bir cihaz, ya da heyvani ehtirasların əlində alət olan xatalı bir silahdır. Ağıl yalnız ruha, yəni Allaha işləyəndə müqəddəslik statusu alır, qalan bütün hallarda ağıl iblisin paslı tapançasıdır”.