Ceyhun Bayramov BMT-də qlobal idarəetmə sistemində islahatlara çağırdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində “77-lər Qrupu və Çin”in 50-ci Nazirlər İclasında çıxış edib. Nazir qlobal idarəetmə strukturlarının islahını və Şimal-Cənub dialoqunun gücləndirilməsini vacib sayıb.

11

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində “Qlobal Cənub və çoxtərəfliliyin gələcəyi” mövzusunda keçirilən “77-lər Qrupu və Çin”in 50-ci Nazirlər İclasında çıxış edərək qlobal idarəetmə strukturlarının islahatının və inkişaf etməkdə olan ölkələrin beynəlxalq qərarvermədə rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

MSNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Ceyhun Bayramov inklüziv çoxtərəfliliyin milli suverenliyin qorunması və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin təmin edilməsi baxımından həyati əhəmiyyət daşıdığını bildirib.

Nazir 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olunması üçün qlobal idarəetmə mexanizmlərinin islahına və inkişaf etmiş ölkələrlə Qlobal Cənub arasında Şimal-Cənub dialoqunun təşviqinə Azərbaycanın sadiqliyini diqqətə çatdırıb.

Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə 77-lər Qrupu arasında Birgə Əlaqələndirmə Komitəsinin fəaliyyətinin bərpa olunmasını iki platforma arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.

XİN rəhbəri, həmçinin Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərə və Ən Az İnkişaf Etmiş Ölkələrə dəstəyini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq məqsədyönlü humanitar yardım və həmin ölkələrin potensialının gücləndirilməsinə yönəlmiş proqramlar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, 77-lər Qrupu 1964-cü ildə 77 inkişaf etməkdə olan ölkə tərəfindən yaradılıb. Qrupun üzvlərinin sayı sonradan artsa da, tarixi adı saxlanılıb. Hazırda “77-lər Qrupu və Çin” 134 ölkəni birləşdirir və BMT sistemində inkişaf etməkdə olan dövlətlərin ən böyük hökumətlərarası platformalarından biridir.

Qrup 2026-cı il üzrə sənədlərində də 2030 Gündəliyinin icrasının sürətləndirilməsini, inkişaf etməkdə olan ölkələrin qlobal qərarvermədə səsinin gücləndirilməsini və çoxtərəfli sistemin daha təmsilçi olmasını əsas prioritetlər sırasında göstərir.