ABŞ-nin Kolorado ştatında yerləşən kiçik Hartman şəhəri bütün seçkili yerli hakimiyyət nümayəndələrinin istefasından sonra hüquqi baxımdan “tərk edilmiş bələdiyyə” elan olunub.
MSNews.az xəbər verir ki, təxminən 30 nəfərin yaşadığı şəhər yanvarın 14-dən bəri fəaliyyət göstərən yerli idarəetmə orqanı olmadan qalıb. Həmin gün şəhər şurasının son üç üzvü də istefa verib. Bundan sonra Hartmanda nə mer, nə şəhər katibi, nə də qərar qəbul edə biləcək şura qalıb.
Bu barədə “New York Post” məlumat yayıb.
Kolorado Dövlət Departamentinin iyulun 28-də qəbul etdiyi rəsmi qərarda Hartmanın seçki keçirə bilmədiyi, müqavilə imzalamaq səlahiyyətinə malik idarəetmə strukturunun olmadığı və içməli su sistemini idarə etmək imkanını itirdiyi bildirilib. Qərar Kolorado qanunvericiliyində nəzərdə tutulan “abandonment” proseduru əsasında qəbul olunub.

Şəhərdə yaranan əsas problemlərdən biri su təchizatı ilə bağlıdır. Sakinlərə fevral ayından etibarən suyu qaynadaraq istifadə etmək barədə xəbərdarlıq edilib. Rəsmi müraciətdə su sistemində xlor çatışmazlığı olduğu, suyun içməyə yararlı sayılmadığı və xoşagəlməz qoxu verdiyi qeyd olunub.
Hartmana su infrastrukturunun yenilənməsi üçün bir milyon dollardan çox qrant ayrılmışdı. Lakin şəhər rəhbərliyi olmadığı üçün podratçılarla müqavilə bağlamaq və vəsaitdən istifadə etmək mümkün olmayıb.
Ştat rəsmiləri bildiriblər ki, Hartman hüquqi olaraq “tərk edilmiş” elan olunmasaydı, sakinlər idarəetmə və səhiyyə böhranı içində qalmaqda davam edəcəkdilər. Qərardan sonra şəhərin yolları və bəzi infrastrukturu Prauers dairəsinin nəzarətinə keçəcək, su sistemi isə müvafiq kommunal quruma təhvil veriləcək.
Qeyd edək ki, “tərk edilmiş şəhər” statusu Hartmanın əhalisinin köçürüldüyü və ya yaşayış məntəqəsinin tam boşaldıldığı anlamına gəlmir. Şəhərdə insanlar qalır, lakin Hartman artıq əvvəlki formada müstəqil bələdiyyə kimi fəaliyyət göstərə bilməyəcək.