XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı təkcə neft paytaxtı deyil, həm də mürəkkəb və təhlükəli kriminal mühitə malik şəhər idi. Bu dövrün diqqətçəkən fiqurlarından biri isə kişi mərkəzli kriminal aləmdə böyük nüfuz qazanmış Şahnaz bibi olub.
Tanınmış rus şairi Sergey Yesenin Bakıya bir neçə dəfə səfər edib. İlk dəfə 1920-ci ildə qısa müddətə şəhərə gələn şair sonralar yenidən Bakını ziyarət edib. Onun son səfəri 1925-ci ilin martında baş tutub və şair iki aydan artıq şəhərdə qalaraq Mərdəkan qəsəbəsində yaşayıb. Yesenin həmin dövrdə Bakı haqqında xatirələrini qələmə alarkən şəhərin kriminal dünyasından da bəhs edib və bu qeydlərdə ən maraqlı fiqurlardan biri məhz Şahnaz bibi olub.
Qeydlərə görə, təxminən 40 yaşlarında olan bu qadın dövrünün ən nüfuzlu kriminal liderlərindən biri sayılırdı. Onun həyat yoldaşı Kərim həmin illərin tanınmış cinayətkarlarından idi. Rəvayətlərə görə, o, rus ordusunun əks-kəşfiyyat polkovnikini aldadaraq pulunu ələ keçirdikdən sonra 1890-cı ildə Xəzər dənizində – əlləri bağlanmış və boynuna böyük daş bağlanmış halda batırılaraq öldürülüb.
Ərinin ölümündən sonra dəstəyə rəhbərliyi Şahnaz bibi öz üzərinə götürüb. Arxiv qeydlərində onun həmişə gödəkçəsinin altında ucu kəsilmiş ov tüfəngi gəzdirdiyi qeyd olunur. Zahiri görünüşü də diqqət çəkirmiş: o, adətən qara libas geyinir, başına bahalı ipək kəlağayı bağlayır və barmaqlarında iri qiymətli üzüklər daşıyırdı.
Şahnaz bibi sərt qaydaları ilə də tanınırdı. Rəvayətlərdən birinə görə, Məhərrəmlik ayında oğurluq etməyə davam edən və “Skripkaçı” ləqəbi ilə tanınan rus cinayətkarı Miroslavı məscidin qarşısında yaralamışdı. Ona əvvəlcədən xəbərdarlıq edilmişdi ki, bu ayda cinayət törətməsin.
Şahnaz bibinin təsir dairəsi Bakının ən təhlükəli ərazilərini – xüsusilə Çəmbərəkənd və Qara şəhər ətrafını əhatə edirdi. Bu yerlər dar küçələri və labirintə bənzər həyətləri ilə hüquq-mühafizə orqanları üçün çətin məkan hesab olunurdu.
Onun dəstəsində Sona və Gülpəri kimi tanınan qadınlar da fəaliyyət göstərirdi. Qadınlardan ibarət cibgirlər dəstəsi toy və bazarlarda zinət əşyalarını oğurlayır, eyni zamanda qaçaqmalçılıqla məşğul olurdu.
Şahnaz bibi şəhərin varlı təbəqəsi ilə də əlaqələr qurmuşdu. Bəzi neft sahibləri rəqiblərinə təzyiq göstərmək və ya oğurlanmış əşyalarını geri qaytarmaq üçün rəsmi qurumlara deyil, onun vasitəçiliyinə müraciət edirdilər. Hətta iki kriminal dəstə arasında mübahisə yarandıqda belə, son söz çox vaxt Şahnaz bibiyə məxsus olurdu.
Rəvayətlərdən birinə görə, tanınmış neft maqnatlarından birinin evindən nadir bir mücrü oğurlanmışdı. Polis həftələrlə axtarış aparsa da nəticə əldə edə bilməmişdi. Maqnat Şahnaz bibiyə müraciət etdikdən cəmi iki gün sonra mücrü evin qapısı qarşısına qoyulmuş, içindəki qızıllar isə yerində qalmışdı.
Şahnaz bibi tez-tez Bakının dağlıq hissəsində yerləşən Çəmbərəkənd qəbiristanlığında qohumlarının məzarlarını ziyarət edərdi. Məlumata görə, 1908-ci il sentyabrın 3-də məhz belə ziyarətlərdən birindən qayıtdıqdan sonra öz evində vəfat edib.
Müəllif: Prof. Dr. Zaur ƏLİYEV