1966-cı ildə amerikalı tədqiqatçı Çarlz Hoflinq insanların avtoritetə nə dərəcədə tabe olduğunu göstərən məşhur psixoloji eksperiment həyata keçirdi. Xəstəxanada aparılan bu təcrübə insanların qaydaları görməzlikdən gələrək avtoritetin əmrinə necə itaət etdiyini ortaya qoydu.
ABŞ tədqiqatçısı Çarlz Hoflinq 1966-cı ildə avtoritetə tabe olma davranışını araşdırmaq məqsədilə maraqlı eksperiment aparıb. Təcrübə ABŞ-dakı xəstəxanalardan birində “çöl tədqiqatı” metodu ilə həyata keçirilib.
Eksperiment xəstəxana rəhbərliyi ilə razılaşdırılmış şəkildə təşkil olunmuşdu. Ssenariyə görə, guya bir həkim telefon vasitəsilə tibb bacısına zəng edir və ona pasientə “Astroten” adlı dərmandan 20 mq verməyi tapşırırdı. Lakin bu dərman əslində mövcud deyildi və dərman siyahısında belə bir preparat yer almırdı.
Təcrübə üçün həmin adda dərman şüşəsi əvvəlcədən dərman otağına qoyulmuşdu. Şüşənin üzərində isə maksimum dozanın 10 mq olduğu açıq şəkildə yazılmışdı. Beləliklə, verilən göstəriş maksimal normanı iki dəfə aşırdı. Bundan əlavə, telefonla əmri verən “həkimi” tibb bacılarından heç biri tanımırdı.
Eksperimentdən əvvəl Hoflinq bir qrup tibb bacısı və tələbələrlə sorğu aparmışdı. On iki nəfərdən on nəfəri bildirmişdi ki, belə bir situasiyada onlar əmri yerinə yetirməz və xəstəxana qaydalarına uyğun davranardılar.
Lakin real təcrübə zamanı nəticə tam fərqli oldu. Xəstəxanada çalışan 22 tibb bacısının iştirak etdiyi eksperimentdə onların 21-i telefonla verilən əmri dərhal yerinə yetirməyə hazırlaşdı. Onlar dərmanı xəstəyə vermək üçün otağa doğru getdikləri anda eksperiment təşkilatçıları tərəfindən saxlanıldılar. Yalnız bir tibb bacısı bu göstərişə tabe olmaqdan imtina etdi.
Əslində bu situasiyada bir neçə ciddi qayda pozuntusu mövcud idi. Göstəriş telefonla verilmişdi, dərman rəsmi siyahıda yox idi, təyin olunan doza icazə verilən maksimum normanı iki dəfə aşırdı və əmri verən həkim tibb bacıları üçün tamamilə naməlum idi.
Hoflinqin təcrübəsi göstərdi ki, insanlar çox vaxt avtoritet hesab etdikləri şəxsin göstərişlərini düşünmədən yerinə yetirirlər. Bu isə xüsusilə səhiyyə kimi həssas sahələrdə ciddi və təhlükəli nəticələrə səbəb ola bilər.