İranda ali rəhbər postunda yaranmış boşluqdan sonra konstitusion keçid mexanizmi aktivləşdirilib. Konstitusiyanın 111-ci maddəsinə uyğun olaraq, səlahiyyətlər bir nəfərə deyil, müvəqqəti rəhbərlik mexanizminə ötürülüb. Bu mexanizm prezident, məhkəmə hakimiyyətinin başçısı və Məsləhət Şurasının müəyyən etdiyi Nəzarət Şurası nümayəndəsindən ibarətdir.
Hazırkı mərhələdə diqqət mərkəzinə çıxan əsas fiqurlardan biri Əlirza Ərafidir. O, nə yeni ali rəhbər elan olunub, nə də təkbaşına hakimiyyəti ələ alıb. Lakin sistem daxilində tutduğu mövqe onu keçid prosesinin əsas elementlərindən birinə çevirib.
Ərafi Ekspertlər Şurasının üzvüdür. Məhz, bu qurum yeni ali rəhbəri seçmək səlahiyyətinə malikdir. Eyni zamanda, o, ölkədə seçki proseslərini süzgəcdən keçirən Nəzarət Şurasının üzvüdür. Bundan əlavə, İranın dini seminarlar sisteminə rəhbərlik edir ki, bu da ideoloji sahəyə nəzarət deməkdir. Bu vəzifələr onun sistem daxilindəki təsir imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Analitiklər hesab edirlər ki, onun keçid konstruksiyasında yer alması təsadüfi deyil. Ərafi islahatçı və ya kompromis fiqur kimi tanınmır. O, mühafizəkar ideoloji xəttin tərəfdarıdır və klerikal-bürokratik nüvənin qorunmasına üstünlük verir. Karyerasının böyük hissəsi əvvəlki rəhbərliyin etimadı üzərində qurulub və o, institusional loyallığı ilə seçilir.
İranın siyasi sistemi ali rəhbər institutunu yalnız siyasi post kimi deyil, ordu, məhkəmə sistemi, ideologiya və xarici siyasətin kəsişmə nöqtəsi kimi formalaşdırıb. Bu səbəbdən keçid prosesinin nəzarətli və konstitusion çərçivədə aparılması daxili sabitlik baxımından həlledici hesab olunur.
Hazırda əsas diqqət Ekspertlər Şurasının yeni daimi ali rəhbərin seçilməsi prosesinə yönəlib. Prosesin hansı müddətdə yekunlaşacağı və yeni rəhbərin kim olacağı regiondakı güc balansına da təsir göstərə bilər.