ABŞ–Ermənistan hərbi yaxınlaşması region üçün riskdirmi?

QAFSAM eksperti Araz Aslanlı ABŞ–Ermənistan hərbi əməkdaşlığının, atom enerjisi və süni intellekt investisiyalarının regionun təhlükəsizlik arxitekturasına mümkün təsirlərini MSNews.az-a şərh edib.

69

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfəri Vaşinqton–İrəvan münasibətlərində yeni mərhələnin başladığını göstərir. Səfər çərçivəsində atom enerjisi, süni intellekt və hərbi əməkdaşlıq sahələrində perspektivlərin müzakirə olunması, eləcə də ABŞ istehsalı olan “V-BAT” tipli pilotsuz uçuş aparatlarının təqdimatı regionda təhlükəsizlik balansı ilə bağlı suallar doğurub.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı MSNews.az-a açıqlamasında bu proseslərin Azərbaycan və ümumilikdə Cənubi Qafqaz üçün mümkün nəticələrini dəyərləndirib.

– Sizcə, ABŞ-nin Ermənistanla, xüsusilə hərbi sahədə əməkdaşlığı bizim üçün hansı risklər yaradır?

– Təəssüf ki, Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin formalaşdığı bütün kritik mərhələlərdə qonşuluq münasibətlərinə uyğun davranmayıb. XX əsrin əvvəlindən XXI əsrin əvvəlinə qədər olan dövrdə Ermənistan öz qonşuları ilə normal münasibətlər qurmaq əvəzinə, əsassız ərazi iddiaları irəli sürüb, xarici güclərin dəstəyi ilə işğalçılıq siyasəti həyata keçirib, Azərbaycanın ərazilərini işğal edib, kütləvi qətliamlar törədib, Türkiyə və digər qonşularına qarşı da müxtəlif iddialarla çıxış edib. Bundan əlavə, müxtəlif ölkələrin ərazilərində terror aktları həyata keçirilməsi də Ermənistanın siyasi davranış modelinin bir hissəsi olub.

Əgər bütün bunlar baş verməsəydi, Ermənistanın hansısa dövlətlə əməkdaşlığı bizim üçün xüsusi narahatlıq doğurmazdı. Lakin keçmişində işğalçılıq və düşmənçilik siyasəti olan bir dövlətin hərbi baxımdan dəstəklənməsi regional sülh və əməkdaşlıq baxımından ciddi risk yaradır. Azərbaycan güclü ordusu, uğurlu diplomatiyası və Türkiyə başda olmaqla müttəfiqlərinin siyasi dəstəyi sayəsində ərazilərini işğaldan azad edib və suverenliyini tam təmin edib. Bununla yanaşı, regionda sülhün bərqərar olunması üçün ardıcıl addımlar atır.

Belə bir şəraitdə ABŞ və digər dövlətlərin Ermənistanın hərbi potensialını gücləndirməsi təkcə balansı pozmur, eyni zamanda Ermənistanda revanşist qüvvələri cəsarətləndirir. Hələ də sülh prosesinin kövrək olduğu bir dövrdə bu cür addımlar doğru hesab edilmir və Azərbaycan üçün xüsusilə həssasdır.

– ABŞ-nin atom enerjisi, süni intellekt və müdafiə sahələrində Ermənistana investisiya qoyuluşu regionun təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?

– ABŞ-nin həm atom enerjisi, həm də müdafiə sahəsində Ermənistana investisiya qoyuluşu regionun təhlükəsizlik arxitekturasına mənfi təsir göstərir. Xüsusilə, Ermənistan Atom Elektrik Stansiyasının köhnəlmiş olması və ölkənin güclü seysmik zonada yerləşməsi ciddi risklər yaradır. Bu baxımdan daha məntiqli yanaşma AES-in bağlanması və Ermənistanın alternativ enerji mənbələrinə yönəlməsi olardı.

Əgər Ermənistan, doğrudan da, uzunmüddətli sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyirsə, onun enerji təhlükəsizliyini təmin etmək üçün regionda kifayət qədər imkanlar mövcuddur. Azərbaycan bu gün öz enerji ehtiyatlarını uzaq ölkələrə ixrac edir və Ermənistan da normal münasibətlər fonunda bundan faydalana bilərdi. Lakin nüvə enerjisi kimi yüksək riskli texnologiyalarda israr edilməsi düzgün seçim deyil.

Süni intellekt sahəsinə gəlincə, bu istiqamətdə investisiyalar Ermənistan iqtisadiyyatına töhfə verə və ölkəni daha rəqabətqabiliyyətli edə bilər. Ancaq burada yüksək texnologiyalara əsaslanan hərbi sənayenin inkişafı riski də mövcuddur ki, bu da regionda silahlanma yarışını sürətləndirə bilər.

– Cey Di Vensin İrəvanda uydurma “soyqırımı” abidəsini ziyarət etməsi Türkiyə–Ermənistan normallaşmasına necə təsir göstərə bilər?

– ABŞ, Rusiya və bəzi Avropa dövlətlərinin uydurma erməni soyqırımı iddiaları ilə bağlı mövqelərində buna bənzər hallarla dəfələrlə qarşılaşmışıq. Adətən regionda sülh və normallaşma meylləri gücləndikcə, bu mövzuda hansısa bəyanatların və ya addımların atıldığını görürük. Məqsəd Ermənistanda qonşularına qarşı nifrət hissini diri saxlamaqdır.

Bu baxımdan Cey Di Vensin həmin abidəni ziyarət etməsi xoş bir addım deyil. Ola bilsin ki, ABŞ tərəfi bunu rəsmi protokolun tərkib hissəsi kimi təqdim edir. Ancaq əgər bu ziyarətin davamı olaraq ABŞ-da və ya digər ölkələrdə uydurma soyqırımı iddiaları ilə bağlı yeni qərarlar, bəyanatlar və ya addımlar müşahidə olunarsa, bunu Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş sistematik siyasətin tərkib hissəsi kimi qiymətləndirəcəyik. Əgər belə addımlar olmazsa, bu ziyarəti sadəcə protokol çərçivəsində qəbul etmək olar. Türkiyə–Ermənistan normallaşmasının taleyi də məhz, bu kontekstdə izlənməlidir. Mövcud reallıq ondan ibarətdir ki, Ermənistan regionda sülh və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamağa məcburdur.