Somali Prezidenti Həsən Şeyx Mahmud Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ölkəsində federal hökumətin icazəsi olmadan hərbi bazalar yaratmaqda, silahlı qüvvələri maliyyələşdirməkdə və Somalinin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
MSNews.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” Somali liderinin noyabrın 17-də xalqa televiziya müraciətinə istinadən məlumat yayıb.
Mahmudun sözlərinə görə, BƏƏ Moqadişodakı federal hökumətdən yan keçərək Berbera, Bosaso və Kismayo limanları ilə bağlı regional administrasiyalarla birbaşa sazişlər imzalayıb. O, Əbu-Dabini mərkəzi hakimiyyətə qarşı çıxan qüvvələrə siyasi və maliyyə dəstəyi göstərməkdə günahlandırıb.
Somali Prezidenti həmçinin BƏƏ-nin İsrailin 2025-ci ilin dekabrında Somalilendin müstəqilliyini tanımasında rol oynadığını iddia edib. Bu ittiham müstəqil şəkildə təsdiqlənməyib.
Mahmud yanvar ayında yəmənli separatçı lider Aydarus əl-Zubaydinin federal hökumətin razılığı olmadan Berbera vasitəsilə ölkədən çıxarıldığını da bildirib.
“Qardaş sənin evini yandırmaz, xəbərin olmadan mülkünü almaz və ailəni parçalamaz”, – deyə Somali lideri vurğulayıb.
“Reuters” agentliyinin məlumatına görə, Somali hökuməti 2026-cı il yanvarın 12-də BƏƏ ilə bütün sazişləri ləğv edib. Lakin Puntlend, Cubalend və Somalilend administrasiyaları bu qərarı tanımadıqlarını açıqlayıblar.
BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş isə Somali rəhbərinin ittihamlarını rədd edərək açıqlamaları daxili siyasi hesablamalarla əlaqələndirib.