Putin və Yaponiya Baş naziri 7 ildən sonra görüşdü

Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Sanae Takaiçi Çində APEC sammiti çərçivəsində görüşüblər. Tərəflər ikitərəfli münasibətləri və Rusiyada saxlanılan yapon jurnalistin məsələsini müzakirə ediblər.

43

Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Sanae Takaiçi təxminən 7 illik fasilədən sonra ilk dəfə üz-üzə görüşüblər. Görüş noyabrın 18-də Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində baş tutub.

MSNews.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Təxminən 30 dəqiqə davam edən görüşdə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və diplomatik əlaqələrin perspektivləri müzakirə olunub. Bu, 2019-cu ildə Vladimir Putinlə Yaponiyanın sabiq Baş naziri Şinzo Abe arasında keçirilən görüşdən sonra iki ölkə liderlərinin ilk üz-üzə təmasıdır.

“İnterfaks” agentliyinin məlumatına görə, danışıqlarda Rusiyada casusluq şübhəsi ilə saxlanılan yapon jurnalist Yuki İmainin məsələsi də gündəmə gətirilib. Yaponiya tərəfi jurnalistin azad edilməsini istəyib.

Yaponiyanın “Mainichi Shimbun” qəzetinin məlumatına əsasən, görüş ərəfəsində Kuril adaları ilə bağlı ərazi mübahisələri və Rusiyadakı Yaponiya şirkətlərinin fəaliyyəti də Tokio üçün mühüm məsələlər sırasında olub.

Görüş Rusiya-Yaponiya münasibətlərinin Ukraynadakı müharibə və ərazi mübahisələri səbəbindən gərgin qaldığı bir dövrdə baş tutub.

Tərəflərin hər hansı konkret razılaşma əldə etməsi barədə hələlik məlumat açıqlanmayıb.