MSNews.az xəbər verir ki, hadisə iyulun 11-də, yerli vaxtla saat 14:00 radələrində şəhərin Pilsudski prospektində baş verib. Telefonla danışan kişinin yanından keçən hücumçu qəfil onun baş və üz nahiyəsinə iki güclü zərbə endirib.
“RMF24” polisə istinadən bildirir ki, hücumçu zərərçəkənin Polşada yerinin olmadığını söyləyən ifadələr işlədib. İlkin məlumata görə, o, qarşısındakı şəxsi səhvən Ukrayna vətəndaşı hesab edib. Zərərçəkənin isə 39 yaşlı Polşa vətəndaşı olduğu müəyyənləşib.
Kişi burun və çənə sınıqları, eləcə də baş nahiyəsindən ciddi xəsarətlərlə xəstəxanaya aparılıb. “TVN24” zərərçəkənin yaxınlarına istinadən onun üz sümüklərindəki zədələr səbəbindən bir neçə əməliyyata ehtiyac duyacağını və titan lövhə yerləşdirilməsinin planlaşdırıldığını yazır. Son məlumata görə, o, xəstəxanadan buraxılıb, lakin müalicəsi davam edir.
Zərərçəkən hadisənin ertəsi günü Lodz-Vidzev polis bölməsinə müraciət edərək cinayət işi açılması üçün ərizə verib.
Polis yaxınlıqdakı müşahidə kameralarının görüntülərini götürüb və hadisəni görən şəxslərdən hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalarını istəyib. Axtarılan şəxsin təxminən 40 yaşında olduğu bildirilir.
İstintaq ilkin mərhələdə hadisəni sağlamlığa orta dərəcəli zərər vurma kimi qiymətləndirib. Polşa qanunvericiliyinə əsasən, bu əmələ görə beş ilədək həbs cəzası nəzərdə tutula bilər. Bununla belə, polis şübhəli saxlanılaraq dindirilməyənədək hücumun dəqiq motivinin və ona qarşı irəli sürüləcək ittihamların müəyyənləşdirilməsinin mümkün olmadığını vurğulayıb.
Hücum edən şəxsin milliyyəti və vətəndaşlığı hələ müəyyənləşdirilməyib. Buna görə onu “polşalı” kimi təqdim etmək üçün hazırda təsdiqlənmiş əsas yoxdur.