Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi üçün ölkə Silahlı Qüvvələrinə müvafiq səlahiyyətlərin verilməsi ilə bağlı səsverməni təxirə salıb. Qərar Yəməndəki husilərin Səudiyyə ərazisinə hücumlarının intensivləşdiyi və regionda hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Misir parlamenti məsələ ilə bağlı iki qapalı iclas keçirsə də, yekun razılıq əldə olunmayıb.
Oktyabrın 19-da parlament səsvermənin oktyabrın 26-na təxirə salındığını açıqlayıb.
Müzakirələr Prezident Əbdülfəttah əs-Sisinin zərurət yaranacağı təqdirdə Səudiyyə Ərəbistanına hərbi qüvvələrin göndərilməsi üçün parlamentdən səlahiyyət istəməsi ilə əlaqədardır.
Misir qanunvericiliyinə əsasən, ölkə Silahlı Qüvvələrinin xaricdə hərbi əməliyyatlara cəlb edilməsi üçün Milli Müdafiə Şurası ilə məsləhətləşmələr və parlament üzvlərinin üçdəikisinin razılığı tələb olunur.
Bununla belə, Misir rəhbərliyi Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstəyini açıq şəkildə ifadə edib.
Oktyabrın 18-də Prezident Əbdülfəttah əs-Sisinin sədrliyi ilə Milli Müdafiə Şurasının iclası keçirilib. Misir Prezident Administrasiyasının rəsmi açıqlamasına əsasən, iclasda Səudiyyə Ərəbistanına qarşı hücumlar və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub. Şura Səudiyyə Ərəbistanının təhlükəsizliyini Misirin və bütövlükdə ərəb dünyasının təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qiymətləndirib.
Rəsmi bəyanatda Misirin krallığın təhlükəsizliyinin, sabitliyinin, ərazi bütövlüyünün, təbii sərvətlərinin və islam müqəddəsatının qorunması üçün bütün zəruri və mümkün dəstək formalarını təmin etməyə hazır olduğu bildirilib.
Eyni zamanda, Qahirə regional gərginliyin azaldılması və mövcud böhranların sülh yolu ilə həlli üçün diplomatik səylərini gücləndirəcəyini açıqlayıb.
Hərbi yardım məsələsi Misir parlamentində fikir ayrılıqlarına səbəb olub.
Müxalif Misir Sosial Demokrat Partiyası deputatlarını səsvermədə bitərəf qalmağa çağırıb. Partiya nümayəndələri mümkün hərbi missiyanın məqsədləri, müddəti, maliyyə xərcləri və Misir hərbçiləri üçün yarada biləcəyi risklər barədə parlamentə kifayət qədər məlumat təqdim olunmadığını bildiriblər. Məsələ ilə bağlı müzakirələr ölkənin iqtisadi vəziyyəti və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi fonunda davam edir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı da regional tərəfdaşları ilə təhlükəsizlik əlaqələrini gücləndirir.
Oktyabrın 18-də Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
BƏƏ Prezidentinin rəsmi məlumatına əsasən, tərəflər ikitərəfli əməkdaşlığın inkişafı, regional hadisələr, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi məsələlərini müzakirə ediblər. Görüş zamanı regionda davamlı sülhün təmin olunmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Misirin Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərməsi barədə hələlik yekun qərar qəbul edilməyib. Parlamentin məsələni oktyabrın 26-da yenidən müzakirə etməsi gözlənilir.