Almaniyanın “Bavariya” klubunun 40 yaşlı qapıçısı Manuel Noyerin ikinci övladının dünyaya gəlməsindən bir neçə həftə sonra 26 yaşlı həyat yoldaşı Anika Bisseldən ayrıldığı bildirilir.
MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “RTL” telekanalı məlumat yayıb. Nəşrin araşdırmasına görə, cütlük oktyabrın əvvəlində, təxminən üç illik evlilikdən sonra ayrılıb.
Almaniyanın “Bild” qəzeti də ayrılıq barədə məlumat yayıb. Nəşrin iddiasına görə, münasibətləri bitirmək qərarı Noyer tərəfindən verilib. Lakin futbolçu və həyat yoldaşı xəbərləri hələlik rəsmi təsdiqləməyiblər.
Cütlüyün ikinci oğul övladının avqustun sonunda dünyaya gəldiyi bildirilir. Onların ilk övladı Luka isə 2024-cü ilin martında doğulub.
Noyer və peşəkar həndbolçu Anika Bissel 2020-ci ildən münasibətdə olublar. Onlar 2023-cü ilin noyabrında rəsmi nikaha daxil olub, 2025-ci ilin iyulunda isə İtaliyada təntənəli toy mərasimi keçiriblər.
Bu, almaniyalı qapıçının ikinci evliliyidir. O, 2017-ci ildə evləndiyi ilk həyat yoldaşı Nina Vaysdan 2020-ci ildə ayrılıb.
Hazırda Noyerin ikinci evliliyinin pozulmasının səbəbləri açıqlanmayıb. Futbolçunun nümayəndəsi şəxsi həyatla bağlı sualları cavablandırmaqdan imtina edib.