“Bavariya” PSV-nin və Mərakeş millisinin futbolçusu İsmail Saibarini transfer etdiyini rəsmən açıqlayıb.
MSNews.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytında məlumat dərc olunub.
25 yaşlı hücumameyilli futbolçu Almaniya nəhəngi ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb. Saibari Münhen klubunda 34 nömrəli forma ilə çıxış edəcək.
Hazırda futbolçu Mərakeş millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edir. “Bavariya”nın açıqlamasına görə, Saibari turnir başa çatdıqdan sonra PSV-dən Münhenə keçəcək.
Transferin maliyyə detalları rəsmi olaraq açıqlanmayıb. Lakin “Reuters” yazır ki, media məlumatlarında keçidin dəyəri 55 milyon avroyadək qiymətləndirilir.
“Bavariya”nın idman direktoru Maks Eberl Saibarini dünya çempionatının ən maraqlı hücumameyilli oyunçularından biri adlandırıb. Onun sözlərinə görə, klub bu transfer üzərində əvvəlcədən işləyib və futbolçuya Münhendə aydın perspektiv təqdim edib.
“İsmail Saibari hücum xəttimizə əlavə keyfiyyət və gözlənilməzlik qatacaq”, – Eberl bildirib.
Klubun digər idman direktoru Kristof Freund isə Saibarinin PSV ilə ardıcıl üç dəfə Niderland çempionu olduğunu, Çempionlar Liqası təcrübəsinə malik olduğunu və dünya çempionatında yüksək səviyyədə çıxış etdiyini vurğulayıb.
Saibari özü də “Bavariya”ya keçidi ilə bağlı sevincini gizlətməyib.
“Uşaq vaxtı hər kəs ‘Bavariya’ kimi klubla müqavilə imzalamağı xəyal edir. Bu, dünyanın ən böyük klublarından biridir. Burada mümkün qədər çox titul qazanmaq istəyirəm”, – futbolçu bildirib.
O, baş məşqçi Vensan Kompaninin qərarında mühüm rol oynadığını da qeyd edib.
Saibari peşəkar futbola İspaniyanın Terrassa şəhərində başlayıb. Daha sonra Belçikada “Anderlext” və “Genk” akademiyalarında çıxış edib. 2020-ci ildə isə PSV sisteminə qoşulub.
“Bavariya”nın məlumatına görə, Saibari PSV-nin heyətində 142 rəsmi oyunda 42 qol vurub və 29 məhsuldar ötürmə edib. O, Eindhoven klubu ilə üç dəfə Niderland çempionu, üç dəfə Superkubok və iki dəfə ölkə kubokunun qalibi olub.
Mərakeş millisində 2023-cü ildən çıxış edən Saibari DÇ-2026-da da diqqət mərkəzinə düşüb. O, Braziliya ilə 1:1 hesablı oyunda, Şotlandiyaya qarşı 1:0 hesablı qələbədə və Haiti ilə 4:2 hesablı matçda vacib qollar vurub.
Bundan başqa, Niderlanda qarşı 1/16 final görüşündə penaltilər seriyasında həlledici zərbəni dəqiq yerinə yetirib və Mərakeşi növbəti mərhələyə daşıyan futbolçulardan biri olub.
Beləliklə, Saibari dünya çempionatındakı parlaq çıxışının fonunda “Bavariya”nın yeni hücum silahlarından birinə çevrilib.