Əliyevin Daşkənd səfəri: Bakı ilə Daşkənd nə qurur?

Pərviz Əliyev İlham Əliyevin Özbəkistan səfərini Bakı-Daşkənd yaxınlaşması, Türk dünyası və yeni logistika xəritəsi fonunda təhlil edib.

133

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında sürətlə dərinləşən münasibətlərin növbəti mərhələsini ortaya qoydu. Səfər çərçivəsində “Əbədi dostluq haqqında Müqavilə” imzalanıb, qarşılıqlı ticarətin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəfi müəyyənləşdirilib. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb.

Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, baş verənlərə yalnız iqtisadi əməkdaşlıq prizmasından baxmaq doğru olmaz.

Əvvəl ölkələr limanları, dəmir yollarını və iqtisadi maraqları birləşdirirlər, ardınca isə tarixi yaddaşı birləşdirməyə başlayırlar. Bakı ilə Daşkənd arasında hazırda məhz belə bir proses gedir”, – Əliyev bildirib.

Daşkənddə Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni kampusunun ilk mərhələsi istifadəyə verilib. Burada Nizami Gəncəvinin irsinə həsr olunan muzey ekspozisiyası yaradılıb. Eyni zamanda, Azərbaycan və Özbəkistan arasında “Nizami Gəncəvi və Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsi təklif olunub.

Əliyevin fikrincə, Nizami və Nəvai üzərindən qurulan bu xətt artıq adi mədəni diplomatiyanı aşır.

Nizami və Nəvai Azərbaycanla Özbəkistanı vahid tarixi-mədəni məkan daxilində birləşdirən ortaq hekayənin simvollarına çevrilirlər. Bu, sadəcə şairlər haqqında söhbət deyil, ortaq kimlik və ortaq yaddaşın siyasi çəkisinin artırılmasıdır”, – siyasi araşdırmaçı qeyd edib.

Onun fikrincə, proses Türkiyənin Mərkəzi Asiyadakı təsir imkanları baxımından da mühüm əhəmiyyət daşıyır:

Azərbaycan Türkiyənin Mərkəzi Asiyaya çıxışında ən mühüm siyasi və logistik körpülərdən biridir. Ankara hər layihənin içində fiziki olaraq iştirak etməyə də bilər. Türk dövlətləri arasında əlaqələr sıxlaşdıqca Türkiyənin təsiri ortaq institutlar, nəqliyyat xətləri və mədəni gündəm vasitəsilə onsuz da ötürülür”.

Bu mənzərənin digər mühüm hissəsi nəqliyyat-logistika xəttidir. Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirir. Bu marşrut Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirir.

Pərviz Əliyev hesab edir ki, bunu Özbəkistanın Rusiya ilə münasibətlərdən uzaqlaşması kimi deyil, alternativlərin çoxaldılması kimi qiymətləndirmək daha doğrudur.

Daşkənd Moskvanı seçməmək qərarı vermir. Ümumiyyətlə, heç kimi seçmir – fürsətləri seçir. Rusiya ilə əlaqələr qalır, amma paralel olaraq Çin, Xəzər, Azərbaycan və Türkiyə üzərindən yeni çıxış yolları formalaşdırılır. Bunun geosiyasi nəticəsi isə odur ki, postsovet məkanında imkanların yalnız Moskva üzərindən keçmədiyi getdikcə daha aydın görünür”, – Əliyev vurğulayıb.

Araşdırmaçının qənaətinə görə, Rusiyanın əsas problemi də məhz yeni regional dinamikanın sürətindədir.

Özbəkistanda belə bir ifadə var: “Yo‘l yurganniki” – yol gedənindir. Daşkənd hazırda bir yox, eyni anda bir neçə istiqamətdə yol qurur. Bu prosesdə üstünlüyü ənənəvi təsir dairəsi deyil, daha sürətli hərəkət edən tərəf qazanacaq”, – Pərviz Əliyev bildirib.

Beləliklə, Əliyevin yanaşmasına görə, İlham Əliyevin Daşkənd səfəri yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin güclənməsi deyil. Burada Orta Dəhlizin genişlənməsi, Türk dünyasında ortaq siyasi-mədəni məkanın möhkəmlənməsi və Mərkəzi Asiyanın ənənəvi güc mərkəzlərindən asılılığını azaltmaqla manevr imkanlarını artırması kimi daha böyük regional proses formalaşır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.