Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla uzun illər davam edən münaqişəyə baxmayaraq, Bakının gələcəyə baxmaq və iki ölkə arasındakı düşmənçilik səhifəsini çevirmək qərarına gəldiyini bildirib.
MSNews.az xəbər verir ki, Bayramov bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı danışıb. Nazir münaqişənin Azərbaycan xalqına böyük faciələr yaşatdığını və ölkədə dərin yaralar qoyduğunu bildirib.
“Buna baxmayaraq, Azərbaycan gələcəyə baxmaq və düşmənçilik səhifəsini çevirmək qərarına gəlib”, – XİN rəhbəri vurğulayıb.
Bayramov qeyd edib ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də tərəflərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və buna hörmət etməsinə əsaslanan sülh təklif edib.
Nazir çıxışında 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalara da toxunub. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzalayıblar. Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsini paraflayıblar.
Bayramov Azərbaycanın sülh prosesinin irəlilədilməsində maraqlı olduğunu vurğulayaraq, əldə edilmiş razılaşmaların iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün yeni imkanlar yaratdığını bildirib.