Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərlə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib. Qərar hərbi qulluqçuların sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi daşıyır.
MSNews.az xəbər verir ki, bu barədə noyabrın 14-də Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən “APA” və “Report” agentliklərinə bildirilib ki, hərbi hissələrdə həyata keçirilən profilaktik tədbirlər şəxsi heyət arasında qrip və digər respirator infeksiyalara yoluxma hallarının qarşısını almağa yönəlib.
Müdafiə Nazirliyi gənc əsgərlərin valideynlərinə və vətəndaşlara müraciət edərək tətbiq olunan məhdudiyyətə anlayışla yanaşmağı xahiş edib.
Qurum valideynləri hərbi qulluqçuların sağlamlığına həssas yanaşmağa və məhdudiyyət qüvvədə olduğu müddətdə gənc əsgərlərin xidmət etdiyi hərbi hissələrə gəlməməyə çağırıb.
Nazirlikdən bildirilib ki, görüşlərə qoyulan məhdudiyyət aradan qaldırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Məhdudiyyətin nə vaxt başa çatacağı hələlik açıqlanmayıb.