Latviya hakimiyyəti Rusiya ilə quru sərhədinin tamamilə bağlanması imkanını nəzərdən keçirir. Qərarın müzakirəsi Estoniyanın təhlükəsizlik səbəbindən Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra gündəmə gəlib.
MSNews.az “Delfi” nəşrinə istinadən xəbər verir ki, Baş nazir Andris Kulberqs aidiyyəti dövlət qurumlarına mümkün məhdudiyyətlərin nəticələrini qiymətləndirməyi və digər Baltikyanı ölkələrlə vahid yanaşma hazırlamağı tapşırıb. Məlumat “BB.lv” tərəfindən də yayımlanıb.
Kulberqs bildirib ki, sərhədin bağlanması məsələsinə yalnız təhlükəsizlik baxımından deyil, həm də regional tranzitə, nəqliyyat axınına və sərhəd-keçid məntəqələrinin yüklənməsinə mümkün təsirləri nəzərə alınmaqla yanaşılmalıdır.
Baş nazir Xarici İşlər və Nəqliyyat nazirliklərinə noyabrın 30-dək mümkün məhdudiyyətlərlə bağlı konkret mövqe hazırlamağı tapşırıb.
Bundan əvvəl Estoniya hökuməti dekabrın 1-dən etibarən Rusiya ilə avtomobil sərhəd-keçid məntəqələrinin fəaliyyətini ən azı altı ay müddətinə dayandırmaq qərarı qəbul edib. “Reuters” agentliyinin məlumatına görə, Tallin bu addımı Rusiyadan qaynaqlandığını bildirdiyi təhlükəsizlik təhdidləri ilə əsaslandırıb.
Latviya Dövlət Sərhəd Mühafizəsi Xidməti isə Estoniyanın qərarından sonra Rusiya ilə sərhədində nəqliyyat sıxlığının artacağını proqnozlaşdırır. Bu barədə Estoniyanın “ERR” ictimai yayım qurumu məlumat yayıb.
Hazırda Latviya Rusiya ilə sərhədini tam bağlamaq barədə yekun qərar qəbul etməyib. Mümkün addımların miqyası və tətbiq müddəti hökumətin qiymətləndirməsindən sonra müəyyənləşdirilə bilər.