Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə bir sıra Avropa ölkələrində keçiriləcək seçkilərin Ukraynaya beynəlxalq dəstək baxımından ciddi çətinliklər yarada biləcəyi barədə xəbərdarlıq edib. O, hakimiyyətə Kiyevə skeptik yanaşan siyasi qüvvələrin gələ biləcəyindən narahatlığını ifadə edib.
MSNews.az xəbər verir ki, Zelenski bu barədə noyabrın 19-da Berlində keçirilən mətbuat konfransında danışıb.
“Gələn il Avropanın bir çox ölkəsində seçkilər keçiriləcək. Bir çox ölkədə hakimiyyətlər dəyişə bilər. Yeni hakimiyyətlərin bir qismi Ukraynaya skeptik yanaşa bilər. Bu, bizim üçün çağırışdır”, – deyə Zelenski bildirib.
Ukrayna lideri 2027-ci ildə ölkəsinin Qərb tərəfdaşlarından 115 milyard dollar maliyyə dəstəyinə ehtiyac duyacağını da açıqlayıb. Onun sözlərinə görə, Avropadakı mümkün siyasi dəyişikliklər bu vəsaitin təmin edilməsini çətinləşdirə bilər.
Avropada Ukraynaya yardım məsələsi siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Xüsusilə 2027-ci ildə Fransada keçiriləcək prezident seçkiləri Kiyevə gələcək dəstək baxımından diqqətlə izlənilir.
“Reuters” agentliyinin əvvəlki məlumatına görə, Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri seçkilərdən sonra Ukraynaya dəstəyin zəifləyəcəyi ilə bağlı narahatlıqları azaltmağa çalışıblar. Onlar Avropa institutlarının siyasi dəyişikliklərə baxmayaraq, Kiyevə yardımı davam etdirmək imkanlarına malik olduğunu bildiriblər.
Zelenski isə Avropadakı seçkilərin nəticələrindən asılı olmayaraq, Ukraynanın uzunmüddətli dəstəyə ehtiyacı olduğunu vurğulayıb.