Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
MSNews.az xəbər verir ki, bu barədə “AZƏRTAC” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin büstləri ilə tanış olublar.
Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib.
Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.
Bu abidələr Şuşanın mədəni yaddaşının, Azərbaycan xalqının tarixi irsinə bağlılığının və işğal dövründə mədəni irsə qarşı törədilən vandalizm aktlarının simvollarından biri hesab olunur.








