ABŞ şirkətindən mübahisəli açıqlama: Süni intellekt ölüm qərarı verə bilər

“Anduril” şirkətinin təsisçisi Palmer Laki süni intellektin döyüş əməliyyatlarında insan təsdiqi olmadan ölümcül qərarlar verməsini müdafiə edib. O, bu texnologiyanın mülki itkiləri azalda biləcəyini düşünür.

28

ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Anduril”in təsisçisi Palmer Laki süni intellektin döyüş əməliyyatlarında insanın birbaşa təsdiqi olmadan hədəflər barədə ölümcül qərarlar qəbul etməsini müdafiə edib. O, qabaqcıl texnologiyaların müharibələrdə mülki itkiləri azalda biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Laki bu fikirləri jurnalist Uolter Ayzeksona verdiyi və noyabrın 17-də yayımlanan “The Builders” müsahibəsində səsləndirib.

İnsan müdaxiləsi olmadan ölümcül qərarlar verən avtonom silahların istifadəsi barədə suala cavabında Laki bunu mənəvi baxımdan əsaslandırıla bilən yanaşma adlandırıb.

“Hesab edirəm ki, bu, yeganə rasional və mənəvi baxımdan əsaslandırılmış qərardır. Həyat və ölüm məsələləri o qədər mühümdür ki, ən qabaqcıl texnologiyalardan istifadə etməmək düzgün olmaz”, – deyə o bildirib.

Lakinin fikrincə, süni intellektlə təchiz edilmiş silahlar hərbi hədəfləri mülki obyektlərdən daha dəqiq fərqləndirə və bununla da günahsız insanların ölüm riskini azalda bilər.

O, avtonom sistemlərin qadağan edilməsi əvəzinə, onların dəqiqliyinin, təhlükəsizliyinin və istifadəsinin tənzimlənməsini təklif edib. Laki həmçinin belə silahlardan istifadə zamanı insanların hüquqi məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Bununla belə, süni intellektin insan nəzarəti olmadan ölümcül qərarlar qəbul etməsi beynəlxalq səviyyədə mübahisəli məsələ olaraq qalır.

“CBS News” telekanalının əvvəlki araşdırmasında BMT Baş katibinin ölümcül avtonom silahların istifadəsini ciddi etik problem hesab etdiyi bildirilir. Laki isə şirkətinin silahlarında insan operatorun müdaxiləsinə imkan verən dayandırma mexanizmlərinin olduğunu açıqlayıb.