İranın hücumlarından sonra ABŞ-nin hərbi təyyarəsi bölgəyə göndərildi

İranın Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərinə hücumlarından sonra BNDGE01 çağırış siqnallı C-17A təyyarəsinin Yaxın Şərqə uçuşu diqqət çəkib. ABŞ komandanlığı hərbçilərin yaralanması iddialarını təkzib edib.

30

İranın Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərini hədəf alan dron hücumlarından sonra Amerika Hərbi Hava Qüvvələrinin tibbi təxliyə uçuşları ilə əlaqələndirilən “C-17A Globemaster III” təyyarəsi Yaxın Şərq istiqamətində hərəkət edib. Uçuş ABŞ hərbçiləri arasında mümkün itkilərlə bağlı iddialara səbəb olsa da, Vaşinqton bu məlumatları təkzib edib.

MSNews.az xəbər verir ki, “AirNav Radar” uçuş izləmə platformasının məlumatına əsasən, BNDGE01 çağırış siqnallı, 08-8196 qeydiyyat nömrəli təyyarə noyabrın 18-də Almaniyanın Ramştayn aviabazasından havaya qalxıb.

Təyyarənin uçuş trayektoriyasının bir hissəsi izləmə sistemlərində görünməyib. Daha sonra Türkiyə üzərində yenidən müşahidə edilən hava gəmisi həmin gün Ramştayn aviabazasına qayıdıb.

“The War Zone” nəşrinin məlumatına görə, uçuş İranın regiondakı ABŞ obyektlərinə hücumları fonunda sosial şəbəkələrdə hərbi yaralıların təxliyəsi ilə əlaqələndirilib.

İran ordusu noyabrın 18-də Küveytdəki Əli əl-Salem aviabazasında ABŞ-a məxsus “Patriot” hava hücumundan müdafiə sistemlərini, dron və raket qurğularını hədəf aldığını açıqlayıb. Bir gün əvvəl isə İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki Şeyx İsa aviabazasının radar sisteminə hücum etdiyini bildirib. Hər iki ölkə hava hücumlarının qarşısının alındığını açıqlayıb.

Bununla belə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 18-də yaydığı açıqlamada İranın son hücumları nəticəsində amerikalı hərbçilərin yaralanması və tibbi təxliyə olunması barədə məlumatları təkzib edib.

Komandanlıq bildirib ki, həmin həftə həyata keçirilən hücum cəhdlərində ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb. “Anadolu Agentliyi” də bu açıqlamanı yayıb.

Təyyarənin uçuşunun İranın hücumları nəticəsində yaralanan hərbçilərin təxliyəsi ilə əlaqəli olduğu müstəqil şəkildə təsdiqlənməyib.