Polşa Prezidenti Karol Navrotskinin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə kəhrəba ilə bəzədilmiş dəbdəbəli palıd kreslo hədiyyə etdiyi məlum olub. “Kəhrəba taxtı” adlandırılan hədiyyənin hazırlanması və təqdim edilməsi Polşanın diplomatik qurumlarından belə gizli saxlanılıb.
MSNews.az xəbər verir ki, bu barədə Polşanın “TVN24” telekanalı noyabrın 18-də apardığı araşdırmada məlumat yayıb.
Məlumata görə, Trampın iyunun 14-də qeyd etdiyi 80 illik yubileyi üçün hazırlanan kreslo kəhrəba ustası Lutsyan Mırta tərəfindən ərsəyə gətirilib.

Kreslonun üzərində Ağ Evin təsviri olan böyük kəhrəba panel, ABŞ-nin simvolu sayılan ağbaş qartal və şir başı formasında qoltuqaltılar yerləşdirilib. Ayaqları isə Amerikanın məşhur abidələrinin miniatürləri ilə bəzədilib.
“Rzeczpospolita” qəzetinin məlumatına görə, qeyri-adi hədiyyədən Polşa Xarici İşlər Nazirliyinin və ölkənin Vaşinqtondakı səfirliyinin əməkdaşlarının da xəbəri olmayıb. Hətta Prezident Administrasiyasının bəzi nümayəndələri belə hədiyyə barədə məlumatlandırılmayıb.
Məsələ ictimaiyyətə açıqlanmadığı üçün hədiyyənin hazırlanması və təqdim edilməsi ətrafında Polşada müzakirələr yaranıb. “TVN24” telekanalının məlumatına görə, müxalifət nümayəndələri bu məxfiliyin səbəblərini sorğulayıblar.