Çinli qadın hamilə olduğunu doğuşdan bir neçə dəqiqə əvvəl öyrəndi

Çində 24 yaşlı qadın 41 həftəlik hamilə olduğunu doğuşdan bir neçə dəqiqə əvvəl öyrənib. Kökəldiyini düşünən qadın xəstəxanada sağlam qız uşağı dünyaya gətirib.

42

Çinin Çjetszyan əyalətinin Ninbo şəhərində 24 yaşlı qadın 41 həftəlik hamilə olduğunu doğuşdan cəmi bir neçə dəqiqə əvvəl öyrənib. Hamiləlik əlamətlərini kökəlmə ilə əlaqələndirən qadın xəstəxanada sağlam qız uşağı dünyaya gətirib.

MSNews.az xəbər verir ki, bu barədə Çinin “Red Star News” nəşri məlumat yayıb.

Məlumata görə, qadın hamiləlik müddətində qarnının böyüməsini çəki artımı, müşahidə etdiyi az miqdarda qanaxmanı isə menstruasiya hesab edib. Bu səbəbdən o, nə hamiləlik testi etdirib, nə də həkim müayinəsindən keçib.

Bir neçə gün əvvəl güclü qarın ağrıları ilə xəstəxanaya müraciət edən qadının artıq doğuş prosesində olduğu müəyyənləşib. Həkimlərin təcili müdaxiləsindən bir neçə dəqiqə sonra 3,5 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlib.

“Ifeng News” nəşrinin məlumatına görə, həkimlər qadının hamiləlikdən xəbərsiz qalmasını bəzi əlamətləri yanlış qiymətləndirməsi ilə əlaqələndiriblər.

Mütəxəssislər bildiriblər ki, hamiləlik zamanı bəzi qadınlarda ürəkbulanma və digər tipik əlamətlər müşahidə olunmaya bilər. Onlar qeyri-adi qanaxma və bədən dəyişiklikləri zamanı vaxtında tibbi müayinədən keçməyi tövsiyə ediblər.