Çindən inanılmaz ixtira: Dronlar məsafədən iynə vuracaq

Çində yaralılara məsafədən dərman yeridə bilən eksperimental dron hazırlanıb. Yeni texnologiya tibbi personalın çata bilmədiyi ərazilərdə təcili yardım göstərmək üçün nəzərdə tutulub.

41

Çin alimləri yaralılara məsafədən dərman yeridə bilən eksperimental dron hazırlayıblar. Yeni pilotsuz uçuş aparatı yaralını aşkar edərək xüsusi iynəli mexanizm vasitəsilə ona uzaq məsafədən tibbi preparat yeritmək üçün nəzərdə tutulub.

MSNews.az xəbər verir ki, bu barədə “Tom’s Hardware” məlumat yayıb.

Çin Hərbi Hava Qüvvələrinin Tibb Universiteti tərəfindən hazırlanan dron yaralı hərbçiləri aşkar etmək və onlara tibb işçiləri yaxınlaşmadan təcili dərman çatdırmaq məqsədi daşıyır.

Sistem yaralının yerləşdiyi əraziyə uçaraq dərmanla doldurulmuş xüsusi oxşəkilli iynəni onun əzələsinə yönəldir. Məqsəd tibbi yardım briqadası hadisə yerinə çatana qədər qiymətli vaxt qazanmaqdır.

Çinli tədqiqatçı Van Czyantsi bildirib ki, texnologiya yaralıların axtarışı və uzaq məsafədən dərman yeridilməsi sahəsində yeni imkanlar yaradır. Layihə xüsusilə döyüş bölgələrində və xilasedicilərin çatmaqda çətinlik çəkdiyi ərazilərdə istifadə üçün nəzərdə tutulub.

Hazırda texnologiya eksperimental mərhələdədir. Dronun dərmanı nə qədər dəqiq yeritdiyi, təhlükəsizliyi və real şəraitdə effektivliyi barədə ətraflı sınaq nəticələri açıqlanmayıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, belə sistemlər gələcəkdə fövqəladə hallarda ilkin tibbi yardımın sürətləndirilməsinə kömək edə bilər.