Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirak etmək səylərini tənqid edərək onların nümayəndələrini rus yazıçısı İvan Krılovun “Kvartet” təmsilinin qəhrəmanları ilə müqayisə edib.
MSNews.az xəbər verir ki, Lavrov bu barədə noyabrın 16-da “TASS” agentliyinə müsahibəsində danışıb.
Rusiya XİN rəhbəri bildirib ki, hazırkı Avropa liderləri arasında Moskva üçün konstruktiv danışıqlar apara biləcək şəxsi müəyyənləşdirməkdə çətinlik çəkir.
Lavrov Finlandiya Prezidenti Aleksandr Stubbla Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirdiyi söhbəti də xatırladıb. Onun sözlərinə görə, Stubb mövcud siyasi kursun təhlükəli nəticələrə gətirib çıxara biləcəyindən narahatlığını ifadə edib.
Lavrov isə finlandiyalı həmkarına narahatlıq bildirməklə kifayətlənməməyi, konkret addımlar atmağı tövsiyə etdiyini söyləyib.
“Bilmirəm, indiki liderlərdən kim ağıllı həmsöhbət ola bilər”, – deyə Rusiya diplomatiyasının rəhbəri bildirib.
O, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya və Avropa İttifaqı institutlarının nümayəndələrindən ibarət danışıqlar qrupunu şərh edərkən Krılovun “Kvartet” təmsilini xatırladıb. Təmsildə birgə fəaliyyət göstərməyə çalışan qəhrəmanlar aralarında uyğunluq yarada bilmirlər.
“Associated Press” agentliyinin məlumatına görə, Avropa ölkələri Ukrayna üzrə ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda birbaşa iştirak etməyə çalışırlar. Lakin Moskva Avropa nümayəndələrinin növbəti mərhələdə iştirakına hələ razılıq verməyib.