Murat Akan: “The Economist”in 2027 üz qabığı qiyamət ssenarisini xatırladır”

Türkiyəli siyasi analitik və yazar Murat Akan “The Economist – The World Ahead 2027” nəşrinin Tramp, İran, süni intellekt, Tayvan, qlobal borc və Türkiyə ilə bağlı mesajlarını geniş şərh edib.

83

“The Economist”in illik “The World Ahead 2027” layihəsi gələn ilin qlobal siyasət, iqtisadiyyat, texnologiya və cəmiyyət baxımından əsas risk və dəyişiklik istiqamətlərini müəyyənləşdirib.

Nəşrin 2027 üçün önə çıxardığı on başlıq ABŞ-da Tramp sonrası siyasi mübarizədən İran müharibəsinin nəticələrinə, süni intellekt ətrafında artan narazılıqdan Çin-Tayvan gərginliyinə, qlobal borc böhranından kosmik iqtisadiyyatın sürətlənməsinə qədər geniş spektri əhatə edir.

Türkiyəli siyasi analitik və yazar Murat Akan isə “The Economist”in üz qabığını ayrıca şərh edərək həmin mövzuların arxasında daha geniş geosiyasi mesajların olduğunu düşünür.

Murat Akan
Murat Akan

Akan ilk növbədə üz qabığının ümumi atmosferinə diqqət çəkir:

“Dərginin üz qabığı incələndiyində tam bir qiyamət ssenarisinin çizildiyini görürük”  

Onun fikrincə, qırmızı və qara tonların üstünlük təşkil etməsi, tanklar, raketlər, iqtisadi qrafiklər, robotlar və digər simvollar 2027-ci ilin əsas mövzusunun qeyri-müəyyənlik və çoxsaylı böhranların eyni vaxtda inkişaf etməsi ola biləcəyinə işarə edir.

Bununla belə, Akan özü də “The Economist”in gələcəyi fövqəltəbii şəkildə “bildiyini” iddia etmir:

“’The Economist’ kəhanət xəbərdarlığı etmir, sadəcə bütün hadisələri analiz edərək gələcəklə bağlı bir iddialar ortaya qoyur”  

“The World Ahead” “The Economist”-in gələcək tendensiyalara həsr olunan illik layihəsidir və onu jurnalın redaktor müavini Tom Stendic idarə edir.

Tramp sonrası Amerika: siyasi mübarizə daha da sərtləşəcək

“The Economist”in ilk əsas mövzusu Donald Tramp sonrası ABŞ siyasətidir.

Nəşrin yanaşmasına görə, Trampın siyasi varisliyi uğrunda mübarizə başlayacaq, eyni zamanda Tramp özü Respublikaçılar Partiyası və ABŞ siyasəti üzərində təsirini qorumağa çalışacaq. Murat Akan isə üz qabığındakı Tramp fiqurunu daha sərt şəkildə şərh edir.

Onun diqqətini seçki qutusu və hərbi çəkməyə bənzəyən simvollar çəkir:

“Donald Tramp məğlubiyyətə uğrasa da fərqli bir plan içərisindədir…Daha aqressiv hərəkət edə bilər.”

Akan hərbi çəkməni hətta mümkün hakimiyyət böhranı və “çevriliş” simvolikası ilə əlaqələndirir. Bu, Akanın vizual interpretasiyasıdır.

Onun fikrincə, Trampın ətrafında bulanıq göstərilən siyasi simalar isə 2027-ci ilin başqa mühüm xüsusiyyətini – güc mərkəzlərinin və ittifaqların qeyri-müəyyənliyini ifadə edir.

İran müharibəsinin nəticələri: Türkiyə üçün ən vacib mövzu

“The Economist”in ikinci böyük istiqamətlərindən biri İran müharibəsinin nəticələridir.

Nəşrin yanaşmasına görə, İran ətrafındakı qarşıdurmanın nəticələri enerji təchizatını, ərzaq təhlükəsizliyini və Yaxın Şərqin siyasi sabitliyini 2027-ci ildə də sarsıda bilər.

Murat Akan üçün isə üz qabığının Türkiyə baxımından ən mühüm hissəsi məhz budur.

“İran sonrası deyərkən İranla bağlı məsələnin bitməyəcəyi anlaşılır” 

Akan hesab edir ki, İranın ciddi zəifləməsi və ya daxili transformasiyası baş verərsə, nəticələr yalnız İranla məhdudlaşmaya bilər. Regionda yeni siyasi strukturların ortaya çıxması və hətta mövcud xəritələrin müzakirəyə açılması mümkündür.

Bu nöqtədə o üz qabığındakı ay-ulduzla əlaqələndirdiyi xəritəni iki cür şərh edir.

Birinci, mənfi ssenaridə Akan həmin təsviri Türkiyənin cənub sərhədlərində müxtəlif etnik-siyasi layihələrlə əlaqələndirir:

“O xəritə, Kürdistan deyə tərif edilən bir xəritəyə də bənzəyir”  

Lakin ikinci interpretasiya tam əks istiqamətdədir.

Akanın fikrincə, İran sonrası regional balans dəyişdikcə Türkiyə İraq-Suriya-Livan-Qətər-Pakistan xəttində daha güclü geosiyasi aktora çevrilə bilər:

“Sistem çökür, dünya dəngələri dəyişir, yeni bir dünya qurulur. Bu ortamda Türkiyənin rolu qlobal anlamda artır”

Beləliklə, Akan üz qabığındakı Türkiyə simvolikasını həm təhlükə, həm də Ankara üçün yeni regional təsir imkanlarının göstəricisi kimi oxuyur. Bu iki istiqamətli interpretasiya onun əvvəlki şərhinin də əsas hissəsini təşkil edir.

2027-ci il rekord istilik ili ola bilər

“The Economist”in diqqət çəkdiyi başqa istiqamət “El Niño” və rekord qlobal temperatur ehtimalıdır.

Güclü “El Niño” hadisəsinin 2027-ci ildə temperatur göstəricilərini yeni rekordlara çatdıra biləcəyi, bunun kənd təsərrüfatı, enerji istehlakı və ərzaq təhlükəsizliyi üzərində əlavə təzyiq yaradacağı vurğulanır.

Murat Akan bunu üz qabığındakı meşə yanğınları ilə əlaqələndirir.

Onun interpretasiyasına görə, iqlim dəyişiklikləri və yanğınlar 2027-ci ildə yenidən qlobal gündəmin əsas mövzularından biri olacaq.

Bu məqamda Akanın şərhi “The Economist”-in təqdim etdiyi əsas mövzu ilə kifayət qədər üst-üstə düşür: biri temperatur və “El Niño” üzərində dayanır, digəri isə bunun vizual nəticələrindən biri kimi yanğınları ön plana çıxarır.

Süni intellekt əleyhinə dalğa

Dördüncü əsas mövzu “AI backlash” – süni intellektə qarşı reaksiyanın güclənməsidir.

“The Economist” maliyyə riskləri, kiberhücumlar, əmək bazarındakı dəyişikliklər və ictimai müqavimətin süni intellekt genişləndikcə daha ciddi siyasi mövzuya çevrilə biləcəyini gözləyir.

“The Economist”-in digər 2026-27 materiallarında da süni intellektin dünyanı daha zəngin edə biləcəyi, lakin eyni zamanda ağır risklər yarada biləcəyi əsas müzakirə mövzularından biri kimi təqdim olunur.

Akan isə robot təsvirlərini daha siyasi çərçivədə şərh edir. Onun fikrincə, süni intellekt sistemlərinin yaratdığı real problemlərlə yanaşı, gələcəkdə müxtəlif böhranların məsuliyyətinin süni intellektin üzərinə atılması da mümkündür.

O, süni intellektin daha mərkəzləşdirilmiş nəzarət altına alınmasını istəyən qüvvələrin olduğunu iddia edir. Bu isə “The Economist”-in konkret proqnozundan daha irəli gedən Akanın interpretasiyasıdır.

Kiberhücumlar – Akanın əlavə etdiyi mühüm təhlükə

Kiberhücumlar təqdim edilən rəsmi on başlıqdan ayrıca biri olmasa da, Akan onları süni intellekt, texnoloji risk və kritik infrastruktur təhlükəsizliyinin davamı kimi şərh edir.

Üz qabığındakı bağlantı və internet ikonlarını banklara, hava nəqliyyatına, enerji sisteminə və ərzaq təchizatına qarşı mümkün kiberhücumlarla əlaqələndirir.

Onun fikrincə, genişmiqyaslı texnoloji böhran insanların gündəlik həyatını belə dəyişə bilər. Dəvə üzərində insan təsvirini də məhz bu kontekstdə oxuyur:

“Texnologiya çok sürətli və nəzarətsiz inkişaf edir. Sistemi kilidləyə, çökdürə bilər və insanlar geriyə doğru dönə bilər” 

Avropada sağa dönüş: Le Pen faktoru

“The Economist”in beşinci əsas proqnozu Avropadakı siyasi sağa dönüşdür.

Sağ-populist qüvvələrin yüksəlişinin Avropanın siyasi sistemini dəyişdirməsi, xüsusilə Fransada Marin Le Pen və onun siyasi xəttinin mövcud siyasi balans üçün ciddi çağırış yaratması əsas mövzulardan biridir.

Akan üz qabığında Le Pen olduğunu düşündüyü fiqurlara da diqqət çəkərək bunu Avropada ənənəvi siyasi mərkəzin zəifləməsi ilə əlaqələndirir.

Bu proses tək Fransa ilə məhdudlaşmaya bilər: miqrasiya, iqtisadi narazılıq, təhlükəsizlik və milli suverenlik kimi mövzuların Avropa siyasətində sağ partiyaların mövqelərini gücləndirməsi 2027-nin əsas siyasi mübahisələrindən biri ola bilər.

Qlobal borc böhranı

“The Economist”in altıncı mövzusu dövlətlərin artan borc yükü və yüksək faizlərin yaratdığı təzyiqdir.

Borclanmanın bahalaşması hökumət büdcələrini sıxışdıra, investisiyaları azalda və yeni maliyyə böhranlarının yaranma riskini artıra bilər.

Murat Akan üz qabığındakı aşağı istiqamətlənən qrafik və pul təsvirlərini məhz bununla əlaqələndirir:

“Kim kimə borcludur? Sahibkarın borcu var, bankların borcu var, dövlətlərin borcu var”

Akanın qənaətinə görə, yüksək faiz, nəhəng dövlət borcları və iqtisadi yavaşlama birlikdə 2027-ci ildə ciddi maliyyə təzyiqi yarada bilər.

Çin-Tayvan gərginliyi

“The Economist”in ən ciddi təhlükəsizlik başlıqlarından biri də Tayvan məsələsidir.

Çinin hərbi modernləşməsi və 2027-ci illə bağlı hərbi hazırlıq hədəfləri Pekin-Taypey xəttində mümkün qarşıdurma barədə narahatlığı artırır.

Tayvan özü də müdafiə xərclərini ciddi şəkildə artırır. “The Economist”-in cari məlumatında Tayvanın əlavə 40 milyard dollarlıq müdafiə proqramı açıqladığı və müdafiə büdcəsini 2030-cu ilə qədər ÜDM-in 5 faizindən yuxarı qaldırmağı planlaşdırdığı qeyd olunur.

Akan da Çin-Tayvan xəttini 2027-ci ilin əsas potensial münaqişə zonalarından biri hesab edir. Onun şərhində bu məsələ ABŞ-Çin rəqabəti və ümumi dünya sisteminin yenidən bölüşdürülməsi ilə birlikdə təqdim olunur.

Dənizlərdə müharibə və ticarət yolları

Akan “The Economist”-in on mövzusundan əlavə olaraq üz qabığındakı gəmilərə də xüsusi diqqət çəkir.

Bunu Hörmüz boğazı, Qırmızı dəniz və Qara dənizdə təhlükəsizliyin pisləşməsi ilə əlaqələndirir:

“Mütəmadi olaraq ticarət gəmiləri vurulur. Buna görə də dənizlərə diqqət verilir”  

Bu şərh xüsusilə İran müharibəsi və qlobal ticarət mövzusu ilə əlaqələndirilə bilər. Hörmüz və Qırmızı dənizdə problemlər enerji, konteyner daşımaları və ərzaq qiymətlərinə birbaşa təsir göstərə bilər.

Arıqlama dərmanları dünyanı dəyişdirəcək

“The Economist”in daha fərqli proqnozlarından biri çəki azaltma preparatlarının iqtisadi və sosial təsiridir.

Bu dərmanların yalnız səhiyyəni deyil, ərzaq istehlakını, restoran sektorunu, sığortanı, istehlak davranışını və həyat tərzini dəyişdirməsi gözlənilir.

Murat Akan da üz qabığındakı tablet və şprisləri görərək xüsusi olaraq arıqlama dərmanlarına diqqət çəkir:

“Zəifləmə həbləri həqiqətən də dəb halına gəldi”  

Akan bununla yanaşı, preparatların həkim məsləhəti olmadan istifadə edilməməli olduğunu vurğulayır.

Üz qabığındakı şprisi əlavə olaraq yeni epidemiya ehtimalı ilə əlaqələndirsə də, bu, Akanın şəxsi interpretasiyasıdır.

Kosmik bum

Digər əsas istiqamət kosmik uçuşların ucuzlaşması və kommersiya kosmos sektorunun genişlənməsidir.

Təkrar istifadə olunan raketlər uçuş xərclərini aşağı saldıqca kommersiya kosmik stansiyaları, orbital istehsal və xüsusi kosmik xidmətlər daha real iqtisadi sektora çevrilə bilər.

Akan üz qabığındakı raket təsvirlərini həm bu iqtisadi dəyişiklik, həm də böyük dövlətlər arasında kosmosdakı strateji rəqabətlə əlaqələndirir.

Onun fikrincə, kosmos artıq yalnız ABŞ və Rusiya kimi dövlətlərin mübarizə meydanı deyil; özəl şirkətlərin də daxil olduğu böyük iqtisadi və geosiyasi arena formalaşır.

“Hollywood” və medianın yenidən qurulması

“The Economist”in son əsas proqnozu əyləncə sənayesinin transformasiyasıdır.

“YouTube” və digər rəqəmsal platformalar ənənəvi kino studiyaları ilə getdikcə daha çox rəqabət aparır. Böyük kino franşizalarının geri qayıtmasına baxmayaraq, tamaşaçıların məzmun istehlakı sürətlə dəyişir.

Murat Akan da videoda “media və film sektorunda yeni dövr”dən danışaraq sosial media və rəqəmsal platformaların ön plana çıxmasını həmin proseslə əlaqələndirir.

Beləliklə, bu mövzuda Akanın şərhi “The Economist”-in əsas proqnozu ilə birbaşa üst-üstə düşür.

Bəs üz qabığında elektrikli avtomobil niyə var?

Akanın ayrıca diqqət çəkdiyi başqa vizual elektrikli avtomobildir. O, bunu Avropanın yaşıl transformasiyası, enerji keçidi və daxiliyanma mühərriklərindən uzaqlaşma siyasəti ilə əlaqələndirir.

Bu, təqdim edilən on əsas başlığın ayrıca biri deyil. Lakin iqlim, enerji və sənaye transformasiyasının geniş kontekstində Akan bunu 2027-ci ilin başqa mühüm tendensiyası hesab edir.

Murat Akanın ümumi nəticəsi

Akan üçün üz qabığının əsas mesajı ayrı-ayrı hadisələrdən daha genişdir.

Onun şərhində 2027-ci ilin mənzərəsi belə formalaşır: Tramp sonrası ABŞ-da siyasi mübarizə, İran sonrası Yaxın Şərqin yenidən qurulması, Türkiyənin yüksələn regional çəkisi, Avropada sağa dönüş, Çin-Tayvan gərginliyi, süni intellekt və kiber risklər, qlobal borc problemi, enerji və dəniz yollarında təhlükə, iqlim böhranı, səhiyyənin transformasiyası və kosmos uğrunda yeni yarış.

Akan bununla yanaşı, üz qabığındakı simvolların “mütləq baş verəcək hadisələrin siyahısı” kimi qəbul edilməsinin yanlış olduğunu özü də vurğulayır:

“Burada yazılıb çizilənlər mütləq baş verəcək deyə bir şey yoxdur”  

Məhz, bu baxımdan “The Economist”-in təqdim etdiyi on mövzu ilə Murat Akanın üz qabığı interpretasiyasını ayırmaq vacibdir: birincisi jurnalın 2027-ci il üçün müəyyən etdiyi risk və tendensiyalardır, ikincisi isə Akanın həmin mövzuların və vizual simvolların arxasında gördüyü geosiyasi mənalardır.