Çinin robototexnika startapı “Linkerbot” növbəti maliyyələşmə raundunda 6 milyard dollarlıq qiymətləndirmə hədəfləyir. “Reuters”-in məlumatına görə, Pekində yerləşən şirkət bu yaxınlarda “Series B+” raundunu tamamlayıb və həmin mərhələdə onun dəyəri 3 milyard dollar olaraq qiymətləndirilib. Yeni hədəf isə şirkətin qiymətləndirməsinin qısa müddətdə iki dəfə artırılmasını nəzərdə tutur.
“Linkerbot” əsasən humanoid robotlar üçün yüksək çevikliyə malik mexaniki əllər istehsal edir. Şirkətin rəhbəri Aleks Çjou “Reuters”-ə bildirib ki, “Linkerbot” hazırda yüksək sərbəstlik dərəcəsinə malik robot əlləri bazarında 80 faizdən çox qlobal paya sahibdir. Şirkət yaxın vaxtlarda aylıq istehsal gücünü təxminən 5 min ədəddən 10 min ədədə çatdırmağı planlaşdırır.
Şirkətin əsas investorları arasında “Alibaba”nın “Ant Group”u, “Sequoia”dan ayrılmış “HongShan Group”, həmçinin dövlət dəstəkli “Zhongguancun Science Park Fund”, “Bank of China Asset Management” və “Fosun Capital” yer alır. Bu, Çində humanoid robotlar və “fiziki süni intellekt” sahəsinə investor marağının sürətlə artdığını göstərir.

“Linkerbot”-un strategiyası tam humanoid robot satmaqdan çox, mövcud sənaye robotlarına insan əlinə bənzər çevik mexaniki əllər əlavə etmək üzərində qurulub. Şirkət iddia edir ki, bu yanaşma zavodlar üçün daha praktik və daha ucuz avtomatlaşdırma imkanı yaradır. Baş direktor Aleks Çjounun sözlərinə görə, bir çox müştəri tam humanoid robot almaq əvəzinə Linkerbot-un mexaniki əllərini mövcud robot qollarına quraşdırır.
Şirkətin “LinkerSkillNet” adlı platforması insan bacarıqlarını robot əllərinin istifadə edə biləcəyi standart bacarıqlara çevirməyi hədəfləyir. “Reuters”-in yazdığına görə, platformada hazırda 500-dən çox bacarıq toplanıb. “Linkerbot”-un robot əlləri vint çevirmək, yumşaq obyektləri tutmaq, iynəyə sap keçirmək və yüksək dəqiqlikli istehsal proseslərində iştirak etmək kimi tapşırıqları yerinə yetirə bilir.

Şirkətin yüngül “O6” modeli cəmi 370 qram çəkidə olsa da, 50 kiloqramlıq yük daşıya bilir. “Linkerbot” əsas komponentlərin — oynaq modulları, mühərriklər və reduktorların bir hissəsini özü istehsal edir. Şirkət hazırda Pekin və Şençjendə beş istehsal müəssisəsinə malikdir və robot əllərin digər robot əlləri istehsal etdiyi ağıllı xətlər üzərində işləyir.
Robot əlləri humanoid robotların ən mürəkkəb hissələrindən biri hesab olunur. Bu sahə xüsusilə zavodlarda, ev xidmətlərində, tibbi tətbiqlərdə və yüksək dəqiqlik tələb edən sənaye proseslərində humanoid robotların geniş istifadəsi üçün əsas texnoloji baryerlərdən biri sayılır. Çində humanoid robotlara maraq “Unitree” kimi şirkətlərin sürətli inkişafı və IPO planları fonunda daha da artıb. “Reuters”-in əvvəlki məlumatına görə, Çin hökuməti “embodied intelligence” — yəni fiziki dünyada işləyən süni intellekti inkişaf etdirilməsi vacib sahələrdən biri kimi görür.