“Boyunlar” qruplaşmasının rəhbərlərindən biri Azərbaycanda tutuldu

Türkiyədə barəsində 48 axtarış qərarı olan “Boyunlar” cinayətkar qruplaşmasının rəhbərlərindən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb. Türkiyə onun ekstradisiyası üçün rəsmi müraciət edib.

67

Türkiyədə “Boyunlar” kimi tanınan silahlı cinayətkar qruplaşmanın rəhbərlərindən biri hesab edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb. Barəsində 48 ayrı axtarış qərarı olan şəxsin Türkiyəyə ekstradisiyası üçün rəsmi müraciət edilib.

MSNews.az xəbər verir ki, Demirin Azərbaycanda gizləndiyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilib. O, məhkəmə qərarı ilə həbs edilib və DTX-nin təcridxanasında saxlanılır.

Türkiyənin “Anadolu Agentliyi”nin məlumatına görə, Demir Azərbaycan ərazisində dövlət sərhədini qanunsuz keçmə ittihamı ilə həbs olunub. Onun barəsində Türkiyədə 48 ayrı tutulma qərarı mövcuddur.

İstanbul Baş Prokurorluğu şübhəlinin Türkiyəyə təhvil verilməsi üçün Azərbaycanın aidiyyəti məhkəmə-hüquq orqanlarına ekstradisiya sorğusu göndərib.

Məlumata əsasən, Demirin bir neçə ay əvvəl Azərbaycana gizli keçdiyi bildirilirdi. Daha sonra onun silahlı hücum nəticəsində öldürüldüyünə dair xəbərlər yayılsa da, bu məlumatlar təsdiqini tapmayıb.

Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları Barış Boyunun adı ilə əlaqələndirilən və beynəlxalq əlaqələrə malik olduğu bildirilən silahlı cinayətkar şəbəkə ilə bağlı istintaq aparır.