Dendiasdan Türkiyə mesajı: “Müdafiəyə hazırıq, amma qapı açıqdır”

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyə ilə bağlı açıqlamasında Afinanın müdafiəyə hazır olduğunu, lakin Ankara dialoq istəsə, qapının açıq qaldığını bildirib.

Yunanıstanın müdafiə naziri Nikos Dendias Afinada keçirilən “DEFEA Conference 2026” çərçivəsində Türkiyə ilə münasibətlər, Yunanıstanın müdafiə sənayesinin inkişafı və regional təhlükəsizlik məsələləri barədə açıqlamalar verib.

Dendias bildirib ki, Yunanıstan Silahlı Qüvvələri son illərdə dron və anti-dron imkanlarını artırıb, ölkənin müdafiə zavodlarında minlərlə pilotsuz uçuş aparatının istehsalı üçün potensial formalaşdırılıb. Kipr dövlət yayımçısı RIK-in məlumatına görə, nazir iki il ərzində Yunanıstanın minlərlə dron, mobil istehsal bölmələri və yerli istehsal anti-dron sistemi yaratmaq imkanı əldə etdiyini deyib.

Dendias Türkiyə ilə bağlı çıxışında sərt ritorika ilə yanaşı, dialoq mesajı da verib. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayedin “düşmənlərimiz ehtiyatlı olmalıdır, çünki bizi dişləsələr, dərimiz çox sərt, ətimiz isə çox acıdır” ifadəsini təkrarlayıb. Yunanıstan Müdafiə Nazirliyinin rəsmi mətninə görə, Dendias bu sözlərdən sonra ölkəsinin Konstitusiya ilə üzərinə düşən müdafiə öhdəliyini yerinə yetirməyə hazır olduğunu bildirib, lakin Türkiyə “görüşmək və əl sıxmaq” istəyərsə, qapının açıq olduğunu vurğulayıb.

Nazir bildirib ki, Yunanıstan Türkiyədən heç nə tələb etmir və iki ölkə arasındakı mübahisələrin beynəlxalq hüquq və dəniz hüququ əsasında həllini mümkün sayır. Dendiasın sözlərinə görə, əsas məsələ Türkiyə hökumətinin XXI əsrdə münasibətlərin beynəlxalq hüquqa əsaslanmalı olduğunu qəbul etməsidir. “To Vima” nəşri yazır ki, Dendias Türkiyə ilə münasibətlər üçün “pəncərə, qapı, yol və magistral” ifadələrindən istifadə edərək diplomatik həll imkanının hələ də mövcud olduğunu bildirib.

Yunanıstanın müdafiə naziri Afinanın Türkiyə mərkəzli siyasət aparmadığını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Yunanıstanın xarici və müdafiə siyasəti yalnız Türkiyə ilə münasibətlər üzərində qurulmayıb və Afina Türkiyəyə qarşı situativ ittifaqlar yaratmır. Dendias bunu “360 dərəcə diplomatiya” yanaşması kimi təqdim edib və Yunanıstanın milli, həmçinin Avropa maraqlarını bütün istiqamətlərdə qorumağa çalışdığını bildirib.

Türkiyə mediasında isə Dendiasın açıqlamaları fərqli qiymətləndirilib. “Daily Sabah” yazır ki, yunan nazir bir tərəfdən “Türkiyə mərkəzli siyasət”dən uzaq durmaq lazım olduğunu desə də, digər tərəfdən Egey dənizi, müdafiə qabiliyyəti və raket sistemləri ilə bağlı açıqlamaları Ankarada sərt ritorika kimi qəbul edilib. Türkiyə tərəfi Yunanıstanın Egey adaları və Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini beynəlxalq razılaşmalara zidd sayır.

Dendiasın çıxışı Yunanıstanın “Agenda 2030” çərçivəsində müdafiə sənayesini modernləşdirməyə çalışdığı bir dövrə təsadüf edir. Nazir Afina üçün yeni texnologiyalar, dronlar, anti-dron sistemləri, pilotsuz dəniz və quru platformalarının gələcək döyüş mühitində əsas rol oynayacağını bildirib. Bu kontekstdə Yunanıstan həm müdafiə qabiliyyətini artırmağa, həm də Türkiyə ilə mümkün dialoq qapısını açıq saxlamağa çalışır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.