İranın Hörmüzqan əyalətinə hərbi hücum edilib

İranın Hörmüzqan əyalətində yerləşən Sirik şəhəri hərbi hücuma məruz qalıb. İranın IRNA agentliyi hadisəni təsdiqləyib. Hücumu həyata keçirən tərəf və mümkün itkilər barədə məlumat açıqlanmayıb.

13

İranın cənubunda, Hörmüzqan əyalətində yerləşən Sirik şəhəri hərbi hücuma məruz qalıb. Bölgədə ardıcıl partlayışların baş verdiyi bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 12-də İranın dövlət xəbər agentliyi IRNA rəsmi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Sirik ərazisinə hərbi xarakterli zərbə endirilib. Lakin hücumun hansı ölkə və ya qüvvə tərəfindən həyata keçirildiyi açıqlanmayıb.

Bundan əvvəl İranın “Tasnim” və “Fars” agentlikləri bölgədə bir neçə ardıcıl partlayış səsinin eşidildiyini xəbər vermişdilər.

İlkin məlumatlarda partlayışların dənizdə qaydaları pozduğu iddia edilən gəmilərə xəbərdarlıq atəşi açılması nəticəsində baş verə biləcəyi ehtimalı irəli sürülmüşdü. Lakin daha sonra IRNA əraziyə hərbi zərbə endirildiyini bildirib.

Sirik strateji əhəmiyyətə malik Hörmüz boğazının şərqində, Oman körfəzi sahilində yerləşir. Hörmüz boğazı dünya enerji daşımaları üçün əsas dəniz marşrutlarından biridir.

Hadisə nəticəsində dağıntıların miqyası və mümkün insan itkiləri barədə hələlik təsdiqlənmiş məlumat yoxdur. Hücuma görə məsuliyyəti də heç bir tərəf rəsmi şəkildə üzərinə götürməyib.