İlham Əliyev Böyük Britaniyanın Baş naziri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb. Tərəflər Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni mübadilə edib, enerji, investisiya, yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər.

12

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb. Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mübadilə olunub.

MSNews.az xəbər verir ki, görüşün əvvəlində “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə edilib.

Tərəflər sənədin qəbulunun Azərbaycan-Böyük Britaniya münasibətlərini rəsmən yeni mərhələyə yüksəltdiyini vurğulayıblar. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr bəyannamənin qəbulundan əvvəl də strateji tərəfdaşlıq xarakteri daşıyıb.

Prezident İlham Əliyev Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində 30 ildən artıq davam edən əməkdaşlığa diqqət çəkib. Dövlət başçısı Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirib.

Danışıqlarda bərpa olunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu vurğulanıb.

Tərəflər son aylarda Böyük Britaniyadan Azərbaycana həyata keçirilən yüksək səviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyətini qeyd ediblər.

Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, noyabrın 12-də Dublində qəbul olunan Strateji Tərəfdaşlıq Bəyannaməsi müdafiə və təhlükəsizlik, iqtisadiyyat, investisiyalar, təhsil və innovasiya sahələrini əhatə edir. Sənəddə əməkdaşlığın gedişini qiymətləndirmək məqsədilə hər il strateji tərəfdaşlıq görüşlərinin keçirilməsi də nəzərdə tutulub.