Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Bununla da Azərbaycan millisi yarışda ikinci dünya çempionluğunu əldə edib.
MSNews.az xəbər verir ki, oktyabrın 25-də 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov final görüşündə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşıb.
Həlledici qarşılaşmada rəqibinə 8:3 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi dünya çempionu tituluna yiyələnib.
Süleymanov finala gedən yolda da uğurlu çıxışı ilə yadda qalıb. O, yarımfinal mərhələsində İran təmsilçisi Əli Oskunu 2:0 hesabı ilə məğlub edərək qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.
Daha əvvəl 55 kiloqram çəki dərəcəsində yarışan Eldəniz Əzizli finalda iranlı Payam Əhmədi Balutakini 3:1 hesabı ilə məğlub edərək karyerasında beşinci dəfə dünya çempionu adını qazanıb.
Beləliklə, Azərbaycan yunan-Roma güləşi üzrə dünya çempionatının ikinci yarış gününü iki qızıl medalla başa vurub.
Qeyd edək ki, Astanada keçirilən dünya çempionatı noyabrın 1-dək davam edəcək.