Ermənistan təmsilçisi Nare Maltada keçirilən “Uşaq Avroviziyası – 2026” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub. 13 yaşlı ifaçı “BOO!” mahnısı ilə ümumilikdə 202 xal toplayaraq birinci yeri tutub.
MSNews.az xəbər verir ki, oktyabrın 24-də Maltanın Ta-Qali şəhərində keçirilən müsabiqədə 16 ölkə iştirak edib. Bu barədə Avropa Yayım İttifaqının (EBU) rəsmi açıqlamasında məlumat verilib.
Nare səhnəyə səkkizinci nömrə altında çıxaraq rəqs elementləri ilə müşayiət olunan “BOO!” kompozisiyasını təqdim edib. Mahnı qorxularla üzləşmək və onları dəf etmək mövzusuna həsr olunub.
Səsvermənin yekunlarına əsasən, Ermənistan təmsilçisi peşəkar münsiflər heyətindən 103, tamaşaçılardan isə 99 xal qazanıb. Beləliklə, 202 xalla müsabiqənin qalibi müəyyənləşib.
İkinci yeri 184 xalla İspaniya təmsilçisi Lukas Paulano, üçüncü yeri isə 165 xalla Fransa təmsilçisi Alek tutub. Bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 24-cü dəfə təşkil edilən yarış Malta Sərgi və Konqres Mərkəzində keçirilib. Növbəti müsabiqəyə ev sahibliyi edəcək ölkə isə hələ müəyyənləşməyib.