Fransa prokurorluğu Sarkozi üçün 7 il həbs istəyib

Fransa prokurorluğu sabiq prezident Nikola Sarkozi üçün Liviya tərəfindən 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə 7 il həbs, 300 min avro cərimə və 5 il dövlət vəzifəsi qadağası tələb edib.

1

Fransa prokurorluğu ölkənin sabiq prezidenti Nikola Sarkozi üçün 7 il həbs, 300 min avro cərimə5 il dövlət vəzifəsi tutmaq qadağası tələb edib. İş Sarkozinin 2007-ci il prezident seçki kampaniyasının mərhum Liviya lideri Müəmmər Qəddafi rejimi tərəfindən qanunsuz maliyyələşdirilməsi iddiaları ilə bağlıdır.

MSNews.az xəbəri “Le Monde” nəşrinə istinadən təqdim edir.

Paris Apellyasiya Məhkəməsində davam edən prosesdə prokurorluq Sarkozini bu sxemin “təşəbbüskarı” kimi təqdim edib. İttihama görə, Liviya rejimi ilə əlaqəli şəxslər vasitəsilə Sarkozinin seçki kampaniyasına milyonlarla avro məbləğində qanunsuz vəsait ötürülüb. İş 2005-ci ildə baş verdiyi iddia olunan görüşlər və təxminən 6 milyon avroluq qanunsuz köçürmələrlə əlaqələndirilir.

Sarkozi isə ittihamları rədd edir və seçki kampaniyasında Liviyadan “bir sent belə” istifadə olunmadığını bildirir. Onun müdafiə tərəfi işi siyasi motivli hesab edir. Sabiq prezident 2025-ci ildə eyni iş üzrə cinayətkar birlikdə iştirak ittihamı ilə 5 il həbsə məhkum edilmiş, lakin apellyasiya prosesi çərçivəsində 20 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdı.

Bu iş Sarkozinin Liviya ilə bağlı siyasi keçmişini də yenidən gündəmə gətirib. O, 2007-ci ildə Fransa prezidenti seçildikdən sonra Qəddafini Parisdə yüksək səviyyədə qəbul etmiş, 2011-ci ildə isə Fransa NATO-nun Liviya əməliyyatlarında ön sıralarda yer almışdı. “The Guardian” yazır ki, Fransa həmin vaxt Qəddafi qüvvələrinə qarşı hava zərbələrində aparıcı rol oynamışdı.

Bununla belə, Sarkozinin Liviyaya hərbi müdaxiləni guya seçki maliyyələşməsinin izlərini gizlətmək və ya Qəddafi qarşısında öhdəliklərdən yayınmaq üçün başlatdığı barədə iddialar hüquqi baxımdan təsdiqlənmiş fakt deyil. Hazırkı məhkəmə işi əsasən 2007-ci il kampaniyasının mümkün qanunsuz maliyyələşdirilməsi, korrupsiya və Liviya dövlət vəsaitlərinin mənimsənilməsinin gizlədilməsi ittihamları üzərində qurulub.

Apellyasiya prosesi iyunun əvvəlinədək davam edəcək. AP-nin məlumatına görə, məhkəmənin yekun qərarının 30 noyabr 2026-cı ildə açıqlanacağı gözlənilir.