İrlandiyada nənə və babalarla bağlı reklam qalmaqal yaratdı

İrlandiyada uşaqları razılıqları olmadan qucaqlamamağa çağıran sosial reklam qalmaqala səbəb olub. Ədliyyə nazirinin sərt tənqidindən sonra video yayımdan çıxarılıb.

17

İrlandiyada nənə və babaların nəvələrini onların razılığı olmadan qucaqlamaması mesajını verən sosial reklam ölkədə geniş müzakirələrə və qalmaqala səbəb olub. Reklamın yayımlanması ictimai narazılıq doğurduqdan və ədliyyə naziri tərəfindən tənqid edildikdən sonra video sosial şəbəkələrdən silinib.

MSNews.az xəbər verir ki, bu barədə “The Irish Times” məlumat yayıb. Mübahisəli video cinsi zorakılıqdan zərərçəkənlərə yardım göstərən Dublin Zorlama Böhran Mərkəzi (DRCC) tərəfindən hazırlanıb.

“We Consent” (“Razılıq veririk”) adlı maarifləndirmə kampaniyasına daxil olan reklamda nənə və babanın nəvələrini ziyarət etməsi təsvir olunur. Oğlan uşağı onları sevinclə qucaqlasa da, qız nəvələri ilə fiziki təmasdan narahatlıq keçirir.

Videoçarxda səsləndirilən mesajda deyilir:

“Hər kəs qucaqlanmaq istəmir. Hətta onu sevən insanlar tərəfindən belə”.

Reklamın əsas məqsədi uşaqlara şəxsi sərhədlərini müəyyənləşdirmək hüququnun olduğunu anlatmaq və fiziki təmas zamanı qarşılıqlı razılığın əhəmiyyətini vurğulamaq olub.

Lakin reklam İrlandiyada ciddi etirazlarla qarşılanıb. Tənqidçilər videoçarxın nənə və babaların nəvələrinə göstərdikləri sevgini şübhəli davranış kimi təqdim etdiyini bildiriblər.

İrlandiyanın ədliyyə naziri Cim O’Kallaxan da reklama sərt münasibət bildirib. O, videoçarxı nənə və babalara qarşı “yersiz və alçaldıcı” adlandıraraq bunun hökumətin mövqeyini əks etdirmədiyini açıqlayıb.

Nazir vurğulayıb ki, sevgi dolu nənə və babaların uşaqların həyatında olması müsbət haldır və belə münasibətlərə qarşı kampaniya aparılmamalıdır.

Nazirliyin müdaxiləsindən sonra DRCC reklamı və eyni kampaniyaya aid daha iki videonu sosial şəbəkələrdən çıxarıb.

Mərkəz açıqlamasında videoların 20-dən çox maarifləndirici seminar zamanı iştirakçıların bölüşdükləri şəxsi təcrübələr əsasında hazırlandığını bildirib. Qurum reklamın yaratdığı mənfi reaksiyaların zorakılıq qurbanlarına yardım fəaliyyətindən diqqəti yayındırmasını istəmədiyini qeyd edib.

Bununla belə, qərar özü də mübahisələrə səbəb olub. İrlandiya Vətəndaş Azadlıqları Şurası nazirin qeyri-hökumət təşkilatının fəaliyyətinə müdaxiləsini tənqid edərək bunun vətəndaş cəmiyyətində özünüsenzura riskini artıra biləcəyini bildirib.
Qeyd edək ki, reklam ilkin olaraq sentyabrın ortalarında sosial şəbəkələrdə yayımlanıb, oktyabrın 22-də isə geri götürülüb.