Rusiyada hökumətə ictimai dəstək nəzərəçarpacaq dərəcədə azalıb, ölkənin iqtisadi və siyasi vəziyyətindən narazılıq isə yüksək səviyyədə qalır. Son sorğular hökumətin fəaliyyətini bəyənənlərin payının bir həftə ərzində təxminən 4 faiz bəndi azaldığını göstərir.
MSNews.az xəbər verir ki, Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM) oktyabrın 12–18-də apardığı sorğuya əsasən, hökumətin fəaliyyətini bəyənənlərin payı 44,3%-dən 40,4%-ə düşüb.
Eyni dövrdə Baş nazir Mixail Mişustinin fəaliyyətinə müsbət qiymət verənlərin göstəricisi 46,2%-dən 42,9%-ə, Prezident Vladimir Putinin fəaliyyətini bəyənənlərin payı isə 69,4%-dən 68,2%-ə enib. Bu barədə “Vıbor Naroda” VTSİOM-un oktyabrın 23-də açıqladığı nəticələrə istinadən məlumat yayıb.
Hakim Vahid Rusiya partiyasının reytinqində də geriləmə qeydə alınıb. Partiyanın seçici dəstəyi bir həftə ərzində 33,4%-dən 30%-ə enib. Kommunist Partiyasının göstəricisi isə 15,9% təşkil edib.
Levada Mərkəzinin oktyabrın 22-də dərc etdiyi araşdırmaya əsasən, rusiyalıların 26%-i ölkənin iqtisadi vəziyyətini pis, 19%-i yaxşı, 53%-i isə orta qiymətləndirir.
Tədqiqat göstərir ki, iqtisadi vəziyyətlə bağlı qiymətləndirmələr 2025-ci ilin payızından etibarən pisləşib. Bununla belə, sentyabrda geriləmə dayanıb və müəyyən yaxşılaşma müşahidə olunub.
Mərkəzin hesablamalarına görə, iqtisadi vəziyyət indeksi 2025-ci ilin sentyabrından 2026-cı ilin iyulunadək 22 bənd azalaraq 90-a düşüb. Sentyabrda isə 93-ə yüksəlib. Bu göstərici iqtisadi vəziyyətə mənfi münasibətin müsbət qiymətləndirmələrdən üstün olduğunu göstərir.
Sorğuda iştirak edənlərin 26%-i siyasi vəziyyətin sakit, təxminən 10%-i isə əlverişli olduğunu bildirib.
Ən yüksək narazılıq göstəricilərindən biri iri şəhərlərdə qeydə alınıb. Əhalisi 500 mindən çox olan şəhərlərdə yaşayanların 31%-i iqtisadi vəziyyəti pis qiymətləndirib.
Araşdırma sentyabrın 23–30-da Rusiyanın 50 regionunda, 1616 nəfərin iştirakı ilə keçirilib.