Gürcüstan hökuməti administrativ binaları Tbilisinin mərkəzindən Arsenal təpəsinə köçürəcək

Gürcüstan hökuməti parlament və nazirliklərin daxil olduğu administrativ binaları Tbilisinin mərkəzindən çıxararaq Arsenal təpəsində “Hökumət şəhərciyi”ndə yerləşdirməyi planlaşdırır. Layihədə 282 750 kvadrat metr yeni inzibati binaların tikilməsi nəzərdə tutulub.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası hökumət binalarını, o cümlədən parlamenti Tbilisinin mərkəzindən çıxaracaq və yeni layihə çərçivəsində “Hökumət şəhərciyi” Arsenal təpəsində inşa ediləcək. Bu təpə məşhur gürcü primitivist rəssam Niko Pirosmaninin əsərlərində də təsvir olunub.

Buna dair ilkin addım olaraq, Bələdiyyə İnkişaf Fondu (Municipal Development Fund) baş plan və eskiz layihələrin hazırlanması üçün tender elan edib. Layihənin icrasına başlama tarixi və ümumi büdcəsi isə hələ müəyyən olunmayıb və 2026-cı ilin büdcəsində bu məsələ nəzərə alınmayıb.

Məlumata görə, “Hökumət şəhərciyi” şəhər strukturuna inteqrasiya olunacaq və eyni zamanda mühafizə olunan perimetr əhatəsində yerləşəcək. Layihə çərçivəsində 77 hektara qədər ərazi istifadə olunacaq və ümumilikdə 282 750 kvadrat metr sahədə yeni ofis və inzibati binaların tikilməsi nəzərdə tutulur.

Buraya parlament, hökumət administrasiyası, meriya, Dövlət Təhlükəsizlik Xidməti, xarici işlər, iqtisadiyyat, təhsil, mədəniyyət, infrastruktur, regional inkişaf, səhiyyə və sosial təminat, ətraf mühit və kənd təsərrüfatı nazirlikləri köçürüləcək. Həmçinin, QHT və vətəndaş bərabərliyi məsələləri üzrə ofis də yeni şəhərcikdə yerləşdiriləcək.

Layihədə 10 000 kvadrat metrdən çox sahə müxtəlif tədbirlər üçün qəbul otaqları kimi nəzərdə tutulub. Ən böyük bina Tbilisi meri üçün olacaq – 59 900 kvadrat metr, parlament üçün isə 31 350 kvadrat metr sahə ayrılacaq.

Hazırda hökumət köçürüləcək binalarla bağlı planlarını açıqlamayıb; məsələn, indiki mərkəzi binaların satılıb-satılmayacağı və satış qiyməti məlum deyil.

Qeyd edək ki, “Hökumət şəhərciyi” ideyası yeni deyil: ilk dəfə bu təşəbbüs 2017-ci ildə keçmiş baş nazir Georgi Kvirikaşvili tərəfindən irəli sürülüb. Layihə ilə 2024-cü ilin sonunda baş nazir Kobaxidze maraqlanmağa başlayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.