ABŞ-li milyarder və “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunun “Starlink” peyk rabitə sistemindən hücum məqsədilə istifadəsini tənqid edib. O, belə istifadənin xidmət şərtlərini pozduğunu və ötən həftə bunun qarşısını almaq üçün mövcud boşluğun aradan qaldırıldığını bildirib. Mask həmçinin “Starlink”-in tamamilə dayandırılacağı təqdirdə Ukrayna cəbhəsinin dərhal çökəcəyini iddia edib.
MSNews.az xəbər verir ki, Mask sosial şəbəkələrdə yayılan geniş açıqlamasında “Starlink”-in mülki kommersiya xidməti olduğunu və insanların öldürülməsinə yönəlmiş hücum əməliyyatlarında istifadə üçün nəzərdə tutulmadığını vurğulayıb.
Onun sözlərinə görə, ABŞ hökumətinin nəzarətində olan “Starshield” sistemi “Starlink”-dən fərqlənir və bu sistemin hərbi məqsədlərlə istifadəsinə dair qərarları Vaşinqton qəbul edir.
Mask Ukrayna hərbçilərinin “Starlink”-dən hücum dronlarının idarə edilməsində istifadə etməklə xidmət şərtlərini pozduqlarını iddia edib.
“Ukrayna hərbçiləri “Starlink”-in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə ediblər. Ötən həftə bu boşluq aradan qaldırılıb”, – deyə paylaşımda bildirilir.
Milyarder “Starlink”-in Ukraynanın müdafiəsi üçün mühüm əhəmiyyət daşıdığını da qeyd edib.
“’Starlink’ söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökər. Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, – Maskın paylaşımında deyilir.
O, “Starlink”-in 2022-ci ildə Rusiyanın genişmiqyaslı hücumunun ilk günlərində Ukraynanın rabitə imkanlarının qorunmasında həlledici rol oynadığını və “SpaceX”-in ölkənin müdafiəsinə digər özəl şirkətlərdən daha böyük töhfə verdiyini iddia edib.
Mask açıqlamasının sonunda müharibənin davam etdirilməsini dəstəkləyən, lakin münaqişənin həlli üçün real təkliflər irəli sürməyən şəxsləri sərt ifadələrlə tənqid edib.
“Reuters” agentliyinin oktyabrın 20-də yaydığı məlumata görə, “The Wall Street Journal” Maskın Ukraynada istifadə olunan hərbi peyk rabitə xidmətinin sürətinin məhdudlaşdırılması barədə göstəriş verdiyini yazıb. Agentlik həmin məlumatı müstəqil təsdiqləyə bilmədiyini qeyd edib.
Məhdudiyyətlər Ukrayna ordusunun dron əməliyyatlarına, rabitəsinə və hava hücumundan müdafiə fəaliyyətinə təsir göstərib. Lakin qərarın kim tərəfindən verilməsi ilə bağlı ABŞ rəsmiləri və “SpaceX” arasında ziddiyyətli açıqlamalar səsləndirilib.
Oktyabrın 24-də isə Ukrayna Prezidenti Volodimir Zelenski “Starlink” və “Starshield” sistemlərinin əvvəlki sürətlə işləməsinin bərpa edildiyini açıqlayıb. Ukrayna Müdafiə Nazirliyi də rabitənin sabitləşdiyini və hərəkət sürəti saatda 400 kilometri keçən avadanlıqlarda bağlantının işlədiyini bildirib.