Bakıda qanlı dava: Deputatın oğlu və 10 nəfər saxlanıldı

Bakının Xətai rayonunda Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın təfərrüatları məlum olub. Deputat oğlunun adı hallanan hadisə ilə bağlı 11 nəfərin saxlanıldığı bildirilir.

16

Bakının Xətai rayonunda restoranda baş verən kütləvi dava bir nəfərin ölümü, bir neçə nəfərin isə yaralanması ilə nəticələnib. Hadisə ilə bağlı saxlanılanlar arasında Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də olduğu bildirilir.

MSNews.az xəbər verir ki, hadisə oktyabrın 23-dən 24-nə keçən gecə paytaxtın Əhmədli qəsəbəsində, General Əliağa Şıxlınski küçəsində yerləşən “Ab-Hava” restoranında baş verib.

Əvvəlcə restoranın ikinci mərtəbəsindəki kabinetdə beş nəfər olub. Daha sonra ora dörd nəfərin gəlməsi ilə tərəflər arasında mübahisə yaranıb. Qarşıdurma əvvəlcə əlbəyaxa davaya, ardınca bıçaqlı insidentə çevrilərək restoranın foyesində davam edib.

Nəticədə ətrafında Ceyhun Sabunçu kimi tanınan Ceyhun Mirağayev aldığı bıçaq xəsarətlərindən həyatını itirib. Hadisənin digər iştirakçıları arasında da yaralananların olduğu bildirilir.

Əldə olunan təhlükəsizlik kamerası görüntülərində davanın gecə saat 00:06–00:08 aralığında baş verdiyi görünür. Kadrlarda iştirakçıların bir-birinə bıçaqla hücum etdiyi, yaralanmış şəxsin daha bir bıçaq zərbəsindən sonra yerə yıxıldığı əks olunub. Görüntülərdə iştirakçılardan birinin cibindən tapançanın düşdüyü də qeydə alınıb.

Hadisənin başvermə səbəbi ilə bağlı da müxtəlif məlumatlar yayılıb. İlkin xəbərlərdə mübahisənin biznes münasibətlərindən qaynaqlandığı iddia olunub. “Qafqazinfo”nun yaydığı digər məlumata görə isə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə təşkil edib. İddiaya əsasən, məqsəd aralarında münaqişə olan şəxsləri barışdırmaq olub.

Əhməd Əlizadənin hadisədən sonra könüllü olaraq polisə təslim olduğu bildirilir. Bununla yanaşı, onun heç kimə bıçaq xəsarəti yetirmədiyi və qətli törətmədiyi qeyd olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilkin olaraq insidentdə iştirak edən 9 nəfərin polis tərəfindən müəyyən edilərək saxlanıldığını açıqlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisədən sonra qətldə birbaşa iştirak etməkdə şübhəli bilinən iki nəfərin axtarışı aparılıb.

“Qafqazinfo”nun oktyabrın 24-də saat 19:33-də yaydığı son məlumata görə, Sabunçu Emin ləqəbli Emin Rəhimov və MMA döyüşçüsü Elmar Cəfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Nəşr onların qəsdən adam öldürməkdə şübhəli bilindiklərini qeyd edib.

Beləliklə, ilkin saxlanılan 9 nəfərlə birlikdə hadisə üzrə saxlanıldığı bildirilən şəxslərin sayı 11-ə çatıb. Bununla belə, son iki şəxsin saxlanılması və onların prosessual statusu barədə ayrıca rəsmi açıqlama əldə olunmayıb.

Hadisənin dəqiq səbəbləri, iştirakçıların hər birinin rolu və cinayətin bütün halları istintaq çərçivəsində müəyyən edilməlidir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.