“Borussiya” telefondan istifadə etməyən azarkeşləri mükafatlandıracaq

Dortmund “Borussiya”sı oyun zamanı telefonundan istifadə etməyən azarkeşlərə xallar qazandıracaq. Toplanan xallar imzalı formalar və klub mağazasının hədiyyə kartlarını qazanmaq şansı verəcək.

23

Almaniyanın Dortmund “Borussiya”sı stadionda matç izləyərkən mobil telefonlarından istifadə etməyən azarkeşləri mükafatlandırmaq üçün yeni layihəyə başlayır. Klubun mobil tətbiqində istifadəyə veriləcək xüsusi funksiya sayəsində azarkeşlər telefonlarının ekranını bağlı saxladıqları hər dəqiqəyə görə xal toplayacaqlar.

MSNews.az xəbər verir ki, bu barədə Dortmund “Borussiya”sının rəsmi saytında məlumat yayımlanıb.

Klubun “Vodafone” şirkəti ilə birlikdə hazırladığı “Fan Mode” (Azarkeş rejimi) adlı yeni sistem oktyabrın 24-də “Ayntraxt Frankfurt”la keçiriləcək Bundesliqa qarşılaşmasından etibarən tətbiq olunacaq.

Yeni funksiyadan istifadə etmək istəyən azarkeşlər matç başlamazdan əvvəl klubun mobil tətbiqində müvafiq rejimi aktivləşdirərək telefonlarının ekranını kilidləməlidirlər. Ekranın bağlı qaldığı hər dəqiqə iştirakçıya əlavə xal qazandıracaq.

Fasilə zamanı telefondan istifadə etmək mümkün olacaq. Lakin ikinci hissədə xal toplamağa davam etmək üçün rejim yenidən aktivləşdirilməlidir.

Azarkeşləri hansı hədiyyələr gözləyir?

Layihə çərçivəsində ən çox xal toplayan iştirakçılar xüsusi mükafatlar qazanmaq imkanı əldə edəcəklər.

Mükafatlar arasında futbolçuların imzaladığı “Borussiya” formaları və klubun rəsmi mağazasında istifadə edilə bilən hədiyyə kartları var. Mükafatların əldə olunması avtomatik deyil, müsabiqənin nəticələrindən asılı olacaq.

“Fan Mode” iOS və Android əməliyyat sistemlərində işləyəcək. İştirakçıların həqiqətən stadionda olduqlarını müəyyənləşdirmək üçün tətbiqə məkan məlumatlarına giriş icazəsi verilməlidir. Layihədə iştirak könüllüdür.

Məqsəd azarkeşlərin diqqətini oyuna yönəltməkdir

Klubun açıqlamasına görə, 2023-cü ildə aparılmış sorğu stadionlara gələn futbol azarkeşlərinin 63 faizinin oyun zamanı mütəmadi olaraq mobil telefonlarından istifadə etdiyini göstərib.

Dortmund təmsilçisi hesab edir ki, sosial şəbəkələrdə vaxt keçirmək, canlı yayım açmaq və davamlı şəkil çəkmək azarkeşlərin stadion atmosferindən tam zövq almasına mane ola bilər.

Klubun idarə heyətinin sədri Karsten Kramer təşəbbüsün əhəmiyyətini vurğulayıb:

“Stadionda 81 mindən çox insanın birlikdə mahnı oxuması, həyəcanlanması və sevinməsi əvəzolunmaz təcrübədir. Biz məhz bu anları diqqət mərkəzinə gətirmək istəyirik”.

Yeni sistem “Borussiya”nın Bundesliqa çərçivəsində keçirəcəyi bütün ev oyunlarında tətbiq olunacaq.