Dünya futbolunun əfsanəvi simalarından Lionel Messi həyat yoldaşı Antonella Rokutso ilə birlikdə İspaniyaya səfər edib. Argentinalı ulduz oktyabrın 23-də idmana verdiyi böyük töhfələrə görə nüfuzlu Asturiya Şahzadəsi mükafatına layiq görüləcək.
MSNews.az xəbər verir ki, 39 yaşlı futbolçu oktyabrın 22-də İspaniyanın Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhərdəki məşhur Rekonkista otelində azarkeşlərin böyük marağı ilə qarşılanıblar.
İspaniyanın “Clarín” nəşrinin məlumatına görə, Messi otelin qarşısında toplaşan azarkeşlərə avtoqraf verib, onlarla şəkillər çəkdirib. Futbolçu və həyat yoldaşı media nümayəndələri qarşısında birlikdə görüntüləniblər.
Asturiya Şahzadəsi Fondunun rəsmi açıqlamasında bildirilir ki, argentinalı futbolçu müstəsna idman karyerasına, qazandığı uğurlara və xeyriyyəçilik fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Münsiflər heyəti onun xüsusilə aztəminatlı uşaqların təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, Messi mərasimdən əvvəl Oviedoda gənclərlə görüşəcək, həmçinin İspaniya kral ailəsinin iştirakı ilə keçirilən rəsmi tədbirlərə qatılacaq.
Səkkizqat “Qızıl top” sahibi bu mükafata fərdi qaydada layiq görülən ilk futbolçudur. Mərasimdən sonra onun ABŞ-yə qayıdaraq “İnter Mayami”nin heyətinə qoşulması planlaşdırılır.