Prezident İlham Əliyev oktyabrın 22-də iki mühüm kadr qərarı ilə bağlı sərəncam imzalayıb. Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Elçin Mustafa oğlu Yusubov isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad olunub.
MSNews.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edəcək. Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə uyğun olaraq imzalanıb.
Prezidentin digər sərəncamı ilə Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət başçısının xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmuşdu. O, həmin təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.