MSNews.az xəbər verir ki, Merts bu barədə oktyabrın 21-də Berlində keçirilən “Berlin Global Dialogue” konfransında çıxışı zamanı danışıb.
Bu barədə “Anadolu Agentliyi” və “Deutschlandfunk” məlumat yayıb.
“Hazırda mənim ən böyük narahatlığım nə iqtisadiyyatımız, nə Avropa İttifaqı, nə Amerika, nə də Çindir. Əsas narahatlığım Rusiyanın cəmiyyətimizə təsiri və onların cəmiyyətlərimizdə sabitliyi necə pozmağa nail olmasıdır”, – deyə Almaniya kansleri bildirib.
Merts iddia edib ki, Rusiya Almaniyaya qarşı demək olar, hər gün hibrid hücumlar həyata keçirir. O, xüsusilə dezinformasiya kampaniyalarını, infrastruktur obyektlərinə qarşı mümkün təxribatları, internet və kommunikasiya sistemlərinə müdaxilə hallarını qeyd edib.
Kanslerin sözlərinə görə, Almaniya cəmiyyəti Rusiyadan qaynaqlanan təhlükənin miqyasını hələ də lazımi səviyyədə qiymətləndirmir. O, ölkəsinin bu cür təhdidlərə qarşı dayanıqlılığını artırmalı olduğunu vurğulayıb.
Merts bildirib ki, Moskvanın məqsədi yalnız Ukraynada ərazi əldə etmək deyil, həm də Avropada 1990-cı ildən sonra formalaşmış siyasi nizamı zəiflətməkdir.
“Bu, təkcə Ukraynadakı müharibə deyil. Bu, 1990-cı ildən sonra qurduğumuz bütün siyasi nizama qarşı fundamental hücumdur”, – deyə kansler qeyd edib.
Almaniya hökumətinin başçısı Rusiyanın demokratiyadan, açıq cəmiyyətlərdən və Avropa inteqrasiyasının uğurlarından çəkindiyini iddia edərək bu proseslərə qarşı mübarizə apardığını söyləyib.
Merts həmçinin Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Ukraynanın təslim olması Avropanın təhlükəsizliyi baxımından da ciddi məğlubiyyət demək olardı.
Qeyd edək ki, Almaniya rəsmiləri son dövrlərdə Rusiyanı Avropada kiberhücumlar, casusluq, dezinformasiya və təxribat fəaliyyətlərində ittiham edirlər. Moskva isə bu ittihamları rədd edir.