ABŞ senatorlarından Trampa çağırış: “Putinin G20 dəvətini ləğv et”

ABŞ Senatında hər iki partiyanı təmsil edən 14 senator Donald Trampı Vladimir Putinə dekabrda Mayamidə keçiriləcək G20 sammiti üçün göndərilən dəvəti geri götürməyə çağırıb.

14

ABŞ Senatında Demokrat və Respublikaçılar Partiyasını təmsil edən 14 senator Prezident Donald Trampa müraciət edərək Rusiya Prezidenti Vladimir Putinə G20 Liderlər Sammitində iştirak üçün göndərilən dəvətin geri götürülməsini istəyib.

MSNews.az xəbər verir ki, “The Washington Post” nəşrinin məlumatına görə, söhbət dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitindən gedir. Müraciətə Senatın Silahlı Qüvvələr Komitəsinin sədri respublikaçı Rocer Uiker və Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Cin Şahin başçılıq edib.

Senatorlar məktubda Putinin sammitdə iştirakının Rusiya hakimiyyətinin beynəlxalq səviyyədə legitimləşdirilməsi və onunla münasibətlərin normallaşdırılması riski yaratdığını bildiriblər. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirdiyi bir vaxtda Moskva ilə G20 çərçivəsində “adi münasibət” görüntüsünün yaradılmasına qarşı çıxıblar.

Müraciətdə həmçinin Putin, Rusiyanın maliyyə naziri Anton Siluanov və Rusiya nümayəndə heyətlərinin bəzi digər üzvlərinin ABŞ sanksiyaları altında olduğu vurğulanıb. Senatorların məktubuna görə, bu şəxslər ABŞ-nin milli təhlükəsizliyinə zərərli hesab edilən fəaliyyətlərlə əlaqədar sanksiyalara məruz qalıblar.

Siluanov avqustun sonunda Şimali Karolinada keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısında iştirak etmişdi. “The Washington Post” yazırdı ki, onun iştirakı bir sıra Avropa nümayəndələrinin etirazına səbəb olmuş, nəticədə Siluanov toplantının ənənəvi ümumi fotosuna daxil edilməmişdi.

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 23-də Putinin sammitə dəvət edildiyini təsdiqləyib. Rubio bunu Rusiya liderinin həm Tramp, həm də digər dünya liderləri ilə birbaşa təmas qurması üçün fürsət adlandırıb. Putinin dəvəti qəbul edib-etməyəcəyi isə hələlik məlum deyil.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.